Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

07 mart 2023 | 17:55

    Əziz qadınlar !

    Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və xoşbəxtlik arzulayıram.
Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır. O, dünyaya görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
    Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirilməsi üçün üzərinə düşən ağır yükü hər bir Azərbaycan qadını kimi rayonumuzun qadınları da şərəflə daşıyır.
    Bu gün bütün Azərbaycan qadınları xoşbəxtdir, qürurludur. Yetişdirdikləri övladlar 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, torpaq həsrətinə son qoydu, vaxtilə itirilmiş qürurumuzu özümüzə qaytardı, vətən yolunda həlak olan şəhidlərimizin qanını yerdə qoymadı.
    Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən qadınlarımız bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir.
    Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.
    Bayramınız mübarək olsun!


    Dərin hörmətlə,

    Kamal Həsənov
    Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı

    07 mart 2023-cü il

Keçidlər