Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı 10 saylı qəsəbədə növbəti səyyar görüş-qəbul keçirib
Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov 05 noyabr 2026-cı il tarixdə 10 saylı qəsəbədə sakinlərlə səyyar görüş-qəbul keçirərək, müraciətlərini dinləyib.
Rayon İcra hakimiyyətinin məsul əməkdaşları və rayon vətəndaşlarının iştirak etdiyi tədbirdə İcra başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfərlərindən, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Rayon rəhbəri daha sonra iştirakçılara “mygov” platformasının funksional imkanları, mobil tətbiq vasitəsilə təqdim olunan elektron xidmətlər barədə də ətraflı məlumat verib. Bildirilib ki, “mygov” platforması vətəndaşlara bir sıra dövlət xidmətlərindən vahid rəqəmsal mühit üzərindən rahat və operativ şəkildə yararlanmaq imkanı yaradır, xidmətlərin əlçatanlığını artırır və vaxt itkisinin qarşısını alır. K.Həsənov rayon sakinləri arasında platformanın imkanları barədə məlumatlılığın artırılmasının və elektron xidmətlərdən istifadənin təşviq edilməsinin vacibliyini diqqətə çatdırıb.
Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb.
Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.






