Cəbrayıl rayon İcra Hakimiyyətinin Bakı şəhərində yerləşən qərargahında səyyar görüş-qəbul keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov rayon sakinləri ilə 10 yanvar 2025-ci il tarixdə səyyar görüş-qəbul keçirib. Rayon rəhbərinin sakinlərlə görüşü İcra hakimiyyətinin Bakı şəhəri, Nərimanov rayonunda yerləşən qərargahında baş tutub. Qəbulda aparatın məsul əməkdaşları və ərazidə müvəqqəti məskunlaşan rayon sakinləri iştirak ediblər.
Səyyar qəbulu giriş nitqi ilə açan İcra başçısı Kamal Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 2024-cü il dövlətimiz və xalqımız üçün əlamətdar və uğurlu illərdən biri kimi tarixə yazılıb. Ölkəmizin hərtərəfli inkişafına xidmət edən Ulu Öndər Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasi xətti ilə Azərbaycan hər ötən il dünyada nüfuz və etimadını daha da möhkəmləndirir. Regionlarda eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işləri və sosial infrastruktur layihələr barədə məlumatları diqqətə çatdıraraq bildirib ki, görülən işlərin məqsədi əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasından ibarətdir.
Qəbulda vətəndaşların müraciətləri qeydiyyata alınaraq nəzarətə götürülüb, qaldırılan məsələlərin həlli tədbirləri müəyyən edilib, RİH başçısı aparatının məsul şəxslərinə zəruri tapşırıqlar verilib.
Rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər.