Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətində “mygov” platformasından istifadəyə dair maarifləndirici tədbir keçirilib

23 oktyabr 2026 | 11:06

     22 oktyabr 2026-cı il tarixində Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasında rəqəmsal dövlət xidmətlərindən istifadənin genişləndirilməsi, rayon sakinlərinin “mygov” platformasının imkanları barədə məlumatlandırılması və elektron xidmətlərdən istifadənin təşviq edilməsi məqsədilə maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin inzibati vəzifə tutan əməkdaşları, rayonun idarə və müəssisələrinin rəhbərləri, həmçinin müxtəlif sosial təbəqələrdən olan şəxslər iştirak ediblər.
    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal inkişafın sürətləndirilməsi, elektron dövlət xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
    İcra başçısı dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin, dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının və vətəndaş məmnunluğunun artırılmasının ölkədə həyata keçirilən islahatların əsas istiqamətlərindən olduğunu vurğulayıb.
    Tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini, rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul şəxs Tapdıq Nəsirov iştirakçılara “mygov” platformasının funksional imkanları, mobil tətbiq vasitəsilə təqdim olunan elektron xidmətlər və qeydiyyat qaydaları barədə ətraflı məlumat verib.
    Bildirilib ki, “mygov” platforması vətəndaşlara bir sıra dövlət xidmətlərindən vahid rəqəmsal mühit üzərindən rahat və operativ şəkildə yararlanmaq imkanı yaradır, xidmətlərin əlçatanlığını artırır və vaxt itkisinin qarşısını alır. Tapdıq Nəsirov rayon sakinləri arasında platformanın imkanları barədə məlumatlılığın artırılmasının və elektron xidmətlərdən istifadənin təşviq edilməsinin vacibliyini diqqətə çatdırıb.
    Çıxış zamanı, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dövlət qulluqçuları üçün həyata keçirilən “Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı barədə məlumat verilib.
    Qeyd olunub ki, Proqram Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planının 8.1.12-ci yarımbəndinə və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Konsepsiyasının (2025–2027) 2.4-cü bəndinə uyğun olaraq rəqəmsal bacarıqların inkişaf etdirilməsinə, dövlət orqanlarında (qurumlarında) vəzifəli şəxslərin rəqəmsal inkişaf sahəsində bilik və səriştələrinin artırılmasına xidmət edir.
    Tədbir çərçivəsində “mygov” platformasının istifadəçisi olmayan bir neçə iştirakçıya yerində praktiki köməklik göstərilib, onların platformada qeydiyyatdan keçmələri təmin olunub. Bu, iştirakçıların rəqəmsal dövlət xidmətlərindən istifadə imkanlarının genişləndirilməsinə və platformanın üstünlükləri ilə praktiki şəkildə tanış olmalarına şərait yaradıb.
    Sonda iştirakçıların sualları cavablandırılıb, “mygov” platformasının imkanlarından səmərəli istifadə ilə bağlı müvafiq tövsiyələr verilib.

Keçidlər