Cəbrayıl Rayon İcra Hakimiyyəti yanında məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilib
16 dekabr 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasında Cəbrayıl Rayon İcra Hakimiyyəti yanında məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilib.
Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini, Cəbrayıl rayonu üzrə məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin sədri Tapdıq Nəsirov, Komitənin üzvləri, Rayon Vergilər şöbəsinin müdiri Əfrayıl Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Biləsuvar rayon MKİS-nin rəisi Saməddin Bağırov, Polis mayoru, Rayon Polis şöbəsi rəisinin şəxsi heyət və iş üzrə köməkçisi Fariz Misirov, İnzibati ərazi dairələri üzrə nümayəndələr və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Komitənin sədri gündəlikdə duran məsələlərlə bağlı qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində ölkəmizdə görülən geniş miqyaslı tədbirlər nəticəsində qısa müddət ərzində bu sahə üzrə statistikada müsbət irəliləyişlərə nail olunmuş, rəsmiləşdirilməyən əmək müqaviləsi ilə işləyənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalmışdır. Çıxış edənlər qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğuladı və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün təkliflərini bildirdilər. İclasda inzibati ərazi dairələri üzrə nümayəndələrə qeyri-formal məşğulluğun qarşısının alınması məqsədi ilə sahibkarların və sakinlərin maarifləndirilməsi və 21 dekabr 2022-ci il tarixdə saat 11:00-da Cəbrayıl Rayon İcra Hakimiyyətinin Bakı şəhərində yerləşən qərargahında “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən təşkil ediləcək əmək yarmarkası barədə rayondan olan tikinti-memarlıq ixtisaslı mütəxəssislərin məlumatlandırılması tapşırıldı.
İclasın sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.