Cəbrayıl Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib
29 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.2-ci (Dövlət orqanlarında (qurumlarında) ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması) bəndindən irəli gələn vəzifələrin icrası istiqamətində Cəbrayıl Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, İctimai Şuranın sədri Zaur Vəliyev, şura üzvləri və inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.
Tədbirdə İctimai Şuranın sədri Zaur Vəliyev çıxış edərək dövlət orqanlarında ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi, İctimai Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib. Məruzədə cari ildə həyata keçiriləcək tədbirlər və növbəti dövr üçün prioritet istiqamətlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı ictimai iştirakçılığın daha da genişləndirilməsi məqsədilə rayonun ayrı-ayrı dövlət orqanlarında, habelə Cəbrayıl RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərin iştirakı ilə kənd və qəsəbələrdə ictimai dinləmələrin keçirilməsi, əhali ilə birbaşa ünsiyyətin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi təklif olunub.
Eyni zamanda iclasda İctimai Şuranın üzvlərinin təklif və tövsiyələri dinlənilmiş, onların ictimai iştirakçılığın genişləndirilməsi və dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması ilə bağlı fikir və təşəbbüsləri müzakirə edilmişdir.






