Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Kürdəmir şəhərində keçirilib
15 dekabr 2023-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar qəbulu Kürdəmir şəhəri, 564 ailəlik yeni köçkün şəhərciyində keçirib. Səyyar qəbulda İcra Hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları və Kürdəmirdə məskunlaşan Cəbrayıl rayon sakinləri iştirak ediblər.
Görüşdə rayon rəhbəri əhalini narahat edən problemlərin həlli üçün ölkəmizdə həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən söhbət açıb. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan danışaraq bütün bunların vətəndaşlara dövlət qayğısının göstəricisi olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsi yerində həll olunub, digər məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verilərək rayon rəhbəri tərəfindən nəzarətə götürülüb.
Görüşün sonunda qəbulda iştirak edən rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.