Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Yel çərşənbəsidir

12 mart 2024 | 09:08

    Bu gün Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsidir. Bu çərşənbəyə xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə", Muğanın bir sıra kəndlərində isə "Heydər çərşənbə" də deyirlər. Etiqadlara görə çərşənbədə oyanan külək Yer üzünü gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Həmçinin ağacların budaqlarını yellədərək onları qış yuxusundan ayıldır, tumurcuqlarını açır, buludları qovaraq bir-birinə toqquşdurub ilıq yaz yağışlarını yağdırır.
    Yel çərşənbəsində gün ərzində küləklər bir neçə dəfə dəyişir. Bu da onun özünün tənzimlənməsi kimi qəbul edilir. Həmin gün isti-soyuq küləklərin əsməsi yazın gəlişindən xəbər verir. Bütün çərşənbələrdə olduğu kimi bu çərşənbədə də insanlar tonqal qalayar, üzərindən atlayıb, uğursuzluqlarını odda yandırar, evlərdə qazanlar qaynayar, ailə üzvləri birlikdə süfrə başına yığışarmışlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunarmış.
    Yel çərşənbəsi ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər gəlib çatmış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri, tapmacalar və inanclar mövcuddur:
   "Yel qayadan nə aparar? Yellə gələn sellə gedər." “Yel əsməyincə yarpaq tərpənməz”, “Yelin zarafatı qovmaqla başlanır”, “Yelə verdiyin düşmənə qismət olar”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Yeldən aman diləməzlər”, “Külək kimi hərdən bir yana əsmə”, "Küləkli havada dənizdə çimməzlər", "Kələknən gələn, küləknən gedər" və s. İnanclara görə, “Yeli əsdirəni söymək olmazdı, çünki onun arxasında Tanrı dayanır”, “Yelə tüpürsən, öz üstünə qayıdacaq. Onu çirkləndirmək mümkün deyil. Əksinə, o havamızı təmizləyir, yeniləyir, dəyişir”. Yel çərşənbəsinin inanclarından biri də arzu tutulmasıdır. Belə ki, axşam saatlarında söyüd ağacının altına gedib, Yel babanı çağırıb, niyyət tutardılar. Əgər söyüdün yarpaqları arasında küləyi hiss etsəydin, niyyətin həyata keçərmiş.
    Çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Bu gün olunan dualar da tez qəbul olur.
    Qoy bu külək qapı, pencərlərinizdən evlərinizə daxil olub, bütün uğursuzluqlarınızı ağuşuna alıb aparsın.
    Yel çərşənbəniz mübarək olsun!

 

Keçidlər