Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür
12 dekabr 2025-ci il tarixdə Cəbrayıl rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və təşkilatların rəhbərləri, YAP fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım tədbirində Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında böyük şəxsiyyətin abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli liderin mənalı həyat yolundan, zəngin və çoxşaxəli irsindən geniş söhbət açıb. Rayon rəhbəri bildirib ki, Azərbaycan xalqı öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərə bu gün də şahidlik edir. İntibah və milli şüurun oyanışı məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi ölkəmizi yeni inkişaf yoluna çıxarmış və dünyada tanıtmışdır. Bu gün də müstəqil Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin qoyduğu yolla gedir və uğurlu ölkə adını qoruyub saxlayır.






