Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Novruzun ikinci çərşənbəsi-Od çərşənbəsidir

05 mart 2024 | 09:10

  Bu gün Novruzun ikinci çərşənbəsi-Od çərşənbəsidir. Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır. Od çərşənbəsinə bəzən xalq arasında “üskü (tonqal) çərşənbə” və ya ocaq çərşənbəsi, “üskü gecəsi”, “xəbərçi çərşənbə” də deyirlər.
    Bu çərşənbə qədim insanların Günəşə, oda inamından irəli gəlir. Od, atəş bəşəriyyət üçün həmişə müqəddəs hesab edilib. Qədim keçmişdə yeni anadan olmuş uşağı odun başına dolandırmaqla pak edər, ancaq bundan sonra anasının qucağına verərdilər. Bu inancın və xüsusi mərasimin çox aydın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi atalar sözlərində yaşamaqdadır.
   Od çərşənbəsi günündə insanlar tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarı yandırırlar. Həmin gün qazanlar qaynamalı, ocaqların üstü boş qalmamalıdır. El arasında od çərşənbəsində ocağı yandırıb, qazanı qaynatsan ilin sonuna qədər “ocağın yanar, qazanın qaynar”, ruzi-bərəkətin bol olar deyərlər. Bütün çərşənbələrdə olduğu kimi, bu çərşənbədə də ailə üzvləri süfrə başına yığılar, aş dəmlənər, şəkərbura, paxlava bişirilər.
    Tədqiqatçılara görə od çərşənbəsi qədim zamanların əsas dinlərindən olan və Azərbaycanda geniş yayılan atəşpərəstlik dini ilə bağlıdır. Zərdüşt tərəfindən yaradılan “Avesta” kitabındakı odun müqəddəsliyi və insanların ona inamı, sitayişi tarix boyu özünü çox güclü şəkildə göstərib. Bakının Suraxanı qəsəbəsində yerləşən “Atəşgah” məbədi də buna əyani misaldır.
   Tonqala münasibət və onun müqəddəsliyi haqqında əsrlərin yadigarı olan Kitabi-Dədə Qorqud” dastanında da geniş danışılıb. Deməli, hələ qədim zamanlardan Azərbaycanda od qorunub, tonqal xalqın həm şad, həm də kədərli günündə köməyə gəlib, müjdəçi, carçı rolunu oynayıb.
   Od çərşənbəsi və od aid çox sayda inanclar, sınamalar, atalar sözləri, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər vardır.

   Odla bağlı atalar sözləri:
   Od qalar köz olar, qız qalar söz olar.
   Od qalayıb oda düşmüşük.
   Od yanan yerdən tüstü çıxar.
   Odu su ilə söndürmək olmaz

   Odla bağlı inanclar:
  Çərşənbədə ocağı boş qoymazlar.
  Ocaqda kül titrəyəndə od xeyrə oynayır deyirlər.


  Odla bağlı tapmacalar:
  Evdən - evə qızıl yaylıq.

  Odla bağlı qarğışlar:
  Oda düşəsən.
  Od-ocağa həsrət qalasan.
  Ocağın qazan görməsin.

  Odla bağlı alqışlar:
  Ocağın bərəkətli olsun.
  Ocağın nurlu olsun.
  Ocağın odlu olsun.
  Ocağına nur çilənsin.
  Ocağın sönməsin.

  Bu çərşənbə axşamı süfrənizi ruzi-bərəkət, qəlbinizi xoş hisslər doldursun. Qazanınız qaynar, ocağınız nurlu olsun!
  Od çərşənbəniz mübarək!

Keçidlər