Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir

27 fevral 2024 | 09:56

    Yurdumuza Novruz gəlir. Novruz təbiətin canlanması, torpağın oyanması, ruhun təzələnməsi, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə böyük önəm verir.
    Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarixboyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri olan Su, Od, Yel, Torpaq çərşənbələri yaranıb.
    Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir.
    Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə”, “gözəl çərşənbə”, “Gül çərşənbə” “Sular novruzu” kimi də tanınır.
    Su insanlara həyat bəxş edir, yaşamın, təbiətin məhv olmasının qarşısını alır. Elə bu səbəbdəndir ki, su müqəddəs sayılır. İnsanlar gündəlik ehtiyaclarını su vasitəsilə ödəyirlər. Gəlin köçən qızların, səfərə, ziyarətə gedənlərin arxasınca su atmaq, su ilə yola salmaq da xalqımızın qədim adət-ənənələrindəndir.
    Ölkəmizdə Su çərşənbəsi “Kiçik çillə” bitəndən sonra qeyd edilir. Qədim el adətlərinə və inanclara görə, Su çərşənbəsində gün çıxmamış su üstündən atlanar, tonqal yandırarlar. Kənd yerlərində Su çərşənbəsi günü dan ağaranda insanlar yuxudan qalxıb axar su kənarına gedərlər. Su kənarında tonqal yandırıb, bir-birinin üzərinə su ataraq təbrik edərlər. Sonra hər kəs “ağırlığım, uğurluğum tökülsün bu suyun üstünə” deyərək, suyun üstündən atlanar, bir qab su götürərək evə qayıdarlar. Suyu həyət-bacaya, evin astanasına və künclərinə çiləyib “il boyu aydınlıq olsun” deyərlər. Əgər evdəkilərdən kimsə su kənarına getməyibsə, həmin sudan onun üzünə çiləyərək yuxudan oyadarlar. Xəstələrə yeni gətirilmiş çərşənbə suyundan içirdib, tez sağalması üçün yarasına həmin sudan çiləyər, körpə uşaqların əl-üzünü çərşənbə suyu ilə yuyaraq, sudan onlara da içirdərlər. Suyun bir hissəsini də kənd yerlərində mal-qaranın üzərinə, əkin yerinə də çiləyərlər ki, məhsul bol olsun, evin ruzi-bərəkəti artsın. Çərşənbə suyundan qorxanların da başından biraz töküb qorxuluğunu alarlar.
    Su çərşənbəsi günü subay qızlar “su falı”na baxarlar. Bunun üçün gecə qızlar bir evə yığışar, axar sudan, bulaqdan, yaxud çaydan əvvəlcədən “lal su” gətirərlər. Su şər qarışandan sonra gətirilir və onu gətirən şəxs bir neçə adam tərəfindən müşayət olunur. Falda istifadə olunan suya ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən sonra suyu gətirib evdə su falına baxılacaq qaba tökənəcən danışmamalıdır. Yoxsa həmin su fal üçün yaramaz.
    Su falı üçün bir fincan, nişan üzüyü və bir saç teli lazımdır. “Lal su” fincanın yarısına kimi tökülür. Nişanlı qızlardan birinin qızıl üzüyünü falına baxılacaq subay qızlardan biri saçından ayırdığı telə keçirib, içi su ilə dolu qaba salır. Ürəyində niyyət tutub üzüyü fincana yaxınlaşdırır. Üzük fırlanmağa başlayır və fincanın divarlarına dəyir. Üzük hər dəfə fincanın kənarlarına dəydikcə, sayırlar. Say neçə olursa, niyyət tutan subay qız o yaşda da gəlin köçəcək deyirlər.
   Su falı zamanı belə bayatılar söyləyərlər:

   Su gəlir, dolur çarxa,
   Tökülür bizim arxa.
   Burda bir yar sevmişəm,
   Qardaşdan qorxa-qorxa.

   Göydə ulduz olaydım,
   Xoşbəxt bir qız olaydım.
   Yar qapını döyəndə
   Evdə yalqız olaydım.

   Qeyd edək ki, ölkəmizdə Od çərşənbəsi martın 5-də Yel çərşənbəsi martın 12-də, Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək. Yaz fəsli isə martın 20-də saat 07:06:21-də gələcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
   Su çərşənbəniz mübarək! Ömrünüz su qədər uzun və saf olsun!

 

 

Keçidlər