Bu gün Novruzun axırıncı çərşənbəsi - Torpaq çərşənbəsidir
Bu gün Novruzun axırıncı çərşənbəsi - Torpaq çərşənbəsidir. Bu çərşənbəyə xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" də deyilir. İnanca görə, bu çərşənbədə yer oyanır, torpaq nəfəs alır, bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.
Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir. Ölkəmizin bəzi bölgələrində İlaxır çərşənbə hətta Novruz bayramının özü qədər təntənəli keçirilir.
Əfsanəyə görə uzun qış aylarında insanların evlərində saxladığı ərzaqlar tükəndiyi və əziyyət çəkdikləri bu gündə Su, Od, Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gələrək yatmış Torpağı oyadırlar. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsinin hər birini müxtəlif mərasimlərlə qeyd edirlər.
Bütün çərşənbələrdə olduğu kimi bu çərşənbədə də həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır, şamlar yandırılar, küsülülər barışırlar. Qapıpusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu çərşənbə də yaşadılır.
Həmçinin bu çərşənbədə qəbirlər ziyarət olunar, ölülərin ruhuna Quran oxunar, dua edilər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan bu yana atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, xəstəliklərdən qorunacaqlarına inanarlar.
Xalqımızın Axır çərşənbə, torpaqla bağlı düşüncələrini özündə əks etdirən tapmacalar bu gün də dillər əzbəridir:
El-obada addanar,
Şirin olar, daddanar.
Gah attanar, yellənər,
Gah alışar, oddanar.
Mal etsən malın olar,
Şanında balın olar.
Yazda, yayda çullanar,
Qış fəsli yalın olar.
Qoy bu çərşənbə qəlbinizdəki bütün arzuları oyatsın, Sizi xoşbəxt etsin.
Torpaq çərşənbəniz mübarək olsun!