Bu gün Mehriban xanım Əliyevanın doğum günüdür
26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.
Mehriban Arif qızı Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib.
2002-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
Mehriban xanım Əliyeva, həmçinin, Heydər Əliyev Fondunun Prezidentidir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub. Heydər Əliyev Fondu xeyriyyəçilik tədbirləri görür, təhsil, mədəniyyət, incəsənətlə bağlı layihələr həyata keçirir.
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban xanım Əliyeva “İlin qadını” adına layiq görülüb.
2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban xanım Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban xanım Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.
Mehriban Əliyevanın Azərbaycanda keçirilən I Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.
Təcrübəli siyasətçi və dövlət xadimi, ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizn qorunması və mədəniyyətimizin təbliğində, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlər göstərən Türk və Müsəlman Dünyasının qadın lideri, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, gözəl insan Mehriban xanım Əliyevanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona və ailəsinin bütün üzvlərinə möhkəm cansağlığı, xoşbəxtlik, məsul və nəcib fəaliyyətində böyük uğurlar arzu edirik!
Qoy Uca Allah xalqımızı, cənab Prezidentimizi və onun ailəsini qorusun!
Cəbrayıl Rayon İcra Hakimiyyəti






