Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun-Konstitusiyanın qəbul edilməsindən 30 il ötür.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.
Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında, Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlanıb. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başlayıb və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verilib. Beləliklə də 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
Əziz Cəbrayıllılar, Sizi dövlətimizin milli sərvəti olan 12 noyabr Konstitusiya Günü münasibətilə təbrik edir, hər birinizə müstəqil, bütöv Azərbaycanın güclənməsi və tərəqqisi yolunda uğurlar arzulayırıq.






