Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Polkovnik-leytenant Vahid Quliyevin doğum günüdür

20 sentyabr 2024 | 10:59

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Polkovnik-leytenant Vahid Quliyevin doğum günüdür. 69 yaşı tamam olur.

Vahid Həbibulla oğlu Quliyev 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olub. Həbibulla müəllimin və Çiçək xanımın ilk övladı olan Vahid 1961-ci ildə Niyazqulular kənd orta məktəbinin birinci sinfinə qədəm qoyub və Zəngilan rayonunun Hacıalılı kəndində təhsilini başa vurub. 1974-1976-cı illərdə keçmiş SSRİ-nin müxtəlif respublikalarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra  Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsilini davam etdirib, 1981-ci ildə Universiteti bitirib. Pedoqoji fəaliyyətə Laçın rayonunun Fərəcan kəndində başlayan gənc Vahid  3 ildən sonra Bakıya qayıdıb  və  «Azon»  Cihazqayırma Zavodunda əvvəlcə mühəndis, sonra isə sahə rəisi vəzifələrində çalışıb.

Mənfur erməni işğalçılarından doğma yurdunu azad etmək məqsədilə O, 1992-ci ilin avqust ayında könüllü  cəbhəyə yollanaraq, Ağdam, Qubadlı rayonlarında döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Ürəyi vətəni ilə, torpağı ilə döyünən igid eloğlumuz  döyüşlər zamanı böyük şücaət göstərərək düşmənin səkkizi tank, ikisi piyadaların döyüş maşını olmaqla 10 zirehli texnikasını sıradan çıxararaq məhv edib.

Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə  «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı verilib.

Qeyd edək ki,  müharibədən sonrakı dövrlərdə polkovnik-leytenant Vahid Quliyev Respublikamızın müxtəlif Ali-hərbi məktəblərində: Bakı Dövlət Universitetinin hərbi kafedrasında, Azərbaycan Ali Hərbi Məktəbində, Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində fəaliyyətini müəllim kimi davam etdirib. 2007-cı ildən təqaüddədir.

Doğum günü münasibətlə Milli Qəhrəmanımızı səmimi-qəlbdən təbrik edir,  möhkəm can sağlığı və uzun ömür arzulayırıq.

Keçidlər