Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

15 aprel 2024 | 09:30

    Bu gün görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əbədiyyətə qovuşmasından 39 il ötür.
    Azərbaycan oftalmologiya elminin inkişafında Akademik Zərifə Əliyevanın müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib. Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
    Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycanın əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Azərbaycanda Tibbi deontologiyanın inkişafında da akademik Zərifə Əliyevanın böyük rolu olmuşdur. Onun tibbi etika və deontologiyaya dair baxışları “Yüksək əqidə” (həkimlik etikası) əsərində ətraflı əks olunmuşdur.
    Şərəfli ömür yaşamış Zərifə xanım Əliyevanın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər zaman hörmət və ehtiramla anılır.
    Ruhu şad olsun!

Keçidlər