Bu gün Akademik Əşrəf Hüseynovun anım günüdür
Riyaziyyatçı, Azərbaycanın Əməkdar Elm Xadimi, Akademik Əşrəf İskəndər oğlu Hüseynov 20 sentyabr 1907-ci ildə Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olub.
1931-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1939-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi və cəbr”, sonra isə “Funksiyalar nəzəriyyəsi funksional analiz” kafedrasının professoru, müdiri vəzifələrində çalışmış və yüksək elmi-pedaqoji səviyyədə riyazi analiz, diferensial tənliklər, inteqral tənliklər, riyazi fizika tənlikləri, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi və qeyri-xətti funksional analizin müxtəlif məsələlərinə dair xüsusi kurslar-mühazirələr oxuyub. Ə.Hüseynov Azərbaycanda müasir riyaziyyat elmi məktəbinin yaradıcılarından biridir. 80-dən çox elmi məqalənin, dərsliyin müəllifidir. Rəhbərliyi altında 60-dan çox namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.Azərbaycanın görkəmli riyaziyyatçıları Q.T.Əhmədov, Y.C.Məmmədov, X.Ş.Muxtarov və A.Ə.Babayevin doktorluq işlərinin məsləhətçisi olmuşdur. 1960-cı ildə Əməkdar elm xadimi, Əməkdar müəllim fəxri adlarını almışdır. Azərbaycan dilində “İnteqral tənliklər” və “Çoxluqlar nəzəriyyəsi” dərsliyinin ilk müəllifi akademik Əşrəf Hüseynov olubdur.
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (1938), fizika-riyaziyyat üzrə elmlər doktoru (1948) elmi dərəcəsini, professor elmi adını almış, 1963-cü ildə Azərbaycan Elmlər Akademiyası müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilibdir.
Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kafedra müdiri və dekan (1939-1965), Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru (1965-1970), Azərbaycan Elmlər Akademiyası Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1971-1980) vəzifələrində çalışıb.
Akademik Əşrəf Hüseynov 26 avqust 1981-ci ildə Bakı şəhərində vəfat etib.
Ölkə Prezidenti tərəfindən 15 noyabr 2017-ci il tarixdə “Akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanıb.
Akademik Əşrəf Hüseynovun elmi yaradıcılığı övladları və nəvələri tərəfindən davam etdirilir. Qızı Sara Hüseynova riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin fizika-riyaziyyat bölməsində uzun illər dərs demişdir. Digər qızı Dilarə Hüseynova fizika-riyaziyyat elmləri doktorudur. Nəvəsi Elçin Sultanov biologiya elmləri namizədi və Azərbaycan Ornitoloji Cəmiyyətinin sədridir. Nəticəsi Aysel Sultan Almaniyada fəlsəfə elmləri doktoru və dosentdir. Digər nəticəsi Vəfa Pənahova Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Hazırda Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi-100, (Bakı şəhəri, 12 nömrəli Peşə Liseyinin nəzdində) müvəqqəti fəaliyyət göstərən Cəbrayıl rayon Əmirvarlı kənd tam orta məktəbi Akademik Əşrəf Hüseynovun adını daşıyır.
Cəbrayıl Rayon İcra Hakimiyyəti