Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlərin nəşi torpağa tapşırılıb
15 avqust 2024-cü il tarixdə qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, rayonun Doşulu kənd sakinləri Cavanşir Ərşad oğlu Hüseynov və Tahir Şirin oğlu Şirinovun nəşi torpağa tapşırılıb. Dəfn mərasimində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev, VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Ceyhun Məmmədov, aparatın əməkdaşları, din xadimləri, şəhidlərin ailə üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidlərin nəşi Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanına gətirilərək Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında, yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb, ruhlarına dualar oxunub. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək bildirib ki, şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Bu zirvəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu bilməyən, cəsarətli, mərd, qəlblərində vətənə, millətə böyük sevgi olan insanlar yüksələ bilir. Bu gün dəfn olunan şəhidlərimiz də məhz həmin oğullardandırlar. Azərbaycan xalqı vətənimizin hər qarış torpağı üçün canından keçən şəhidlərimizin əziz xatirəsini daim qoruyub saxlayır və qəlbində yaşadır.
Sonda rayon rəhbəri şəhidlərin tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət bayrağını şəhidlərin doğmalarına təqdim edib.
Məlumat üçün bildiririk ki, Şirinov Tahir Şirin oğlu 23 avqust 1959-cu ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. 1966-cı ildə 1-ci sinfə qəbul olunub. 1976-cı ildə N.Nərimanov adına Balyand kənd orta məktəbini bitirib. 1977-ci ildə hərbi xidmətə çağırılıb. 1980-ci ildə Rusiyanın Balakova şəhərində inşaat işləri ilə məşğul olub. Ailəli idi, bir övladı var. 1993-cü ildə Azərbaycana qayıdan T.Şirinov oktyabrın 23-də Füzuli rayonu, Şükürbəyli kənd ərazisində itkin düşüb.
Hüseynov Cavanşir Ərşad oğlu 15 iyul 1960-cı ildə Cəbrayıl rayonunun Doşulu kəndində anadan olub. 1977-ci ildə Cəbrayıl rayonu Balyand kəndində orta məktəbi bitirib. Naxçıvan şəhərində sürücülük məktəbində təhsilini davam etdirib. 1978-1980-ci illərdə Rusiyada hərbi xidmətdə olub. Ailəli idi, üç övladı var. 23 oktyabr 1993-cü ildə Füzulu rayonun Şükürbəyli kəndində itkin düşüb.