Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, şəhid Ələsgər Mirzəliyevin nəşi torpağa tapşırılıb

18 aprel 2025 | 16:47

    18 aprel 2025-ci il tarixdə Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, rayonun Cocuq Mərcanlı kənd sakini Mirzəliyev Ələsgər Fərzalı oğlunun aşkar edilən nəşinin qalıqları torpağa tapşırılıb. Mərasimdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Cocuq Mərcanlı kəndində yerləşən “Lələtəpə” qəbiristanlığında keçirilən dəfn mərasimində hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb, şəhidin ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət bayrağı qardaşına təqdim edilib.
    Məlumat üçün bildiririk ki, Mirzəliyev Ələsgər Fərzalı oğlu 18 iyul 1969-cu ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub. 1976-1986-cı illərdə Cocuq Mərcanlı kənd orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra Füzuli rayonunda sürücülük məktəbində təhsilini davam etdirib. 1987-1989-cu illərdə Rusiyanın Perm şəhərində hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra Sverdlovsk şəhərində iki illik xüsusi kurs keçən Ələsgər Mirzəliyev 1991-ci ilin axırlarında doğma kəndi olan Cocuq Mərcanlıya qayıdıb. 1992-ci ilin yanvar ayında könüllü olaraq müharibəyə qatılıb və Cəbrayıl könüllülər batalyonunda vuruşub. Erməni işğalçılarına qarşı qəhrəmanlıqla vuruşan eloğlumuz xidməti müddətində cəbhə xəttində düşmənin bir ədəd BMP-2-ni sıradan çıxararaq zərərsizləşdirib. Ələsgər Mirzəliyev Cəbrayıl–Füzuli-Zəngilan rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 1993-cü ilin oktyabr ayının 24-də ata-baba yurdu olan Cocuq Mərcanlı kəndində itkin düşüb. Subay idi.
    Şəhidin nəşinin qalıqları İmişli rayon ərazisində yerləşən qəbiristanlıqda aşkarlanıb.

Keçidlər