Birinci Qarabağ müharibəsi şəhidi Şirinov Nazim Şirin oğlu dəfn edilib
07 iyun 2024-cü il tarixdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş rayonun Doşulu kənd sakini Şirinov Nazim Şirin oğlunun dəfn mərasimi keçirilib. Dəfn mərasimində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəisi, polkovnik Rəfət Abdullayev, aparatın əməkdaşları, din xadimləri, şəhidin ailə üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra Şəhid Nazim Şirin oğlu Şirinovun nəşi Abşeron rayon, Mehdiabad qəsəbə qəbiristanlığında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb, ruhuna dualar oxunub. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək bildirib ki, şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Bu zirvəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu bilməyən, cəsarətli, mərd, qəlblərində vətənə, millətə böyük sevgi olan insanlar yüksələ bilir. Bu gün dəfn olunan şəhidimiz Nazim Şirinov da məhz həmin oğullardandır. Azərbaycan xalqı vətənimizin hər qarış torpağı üçün canından keçən şəhidlərimizin əziz xatirəsini daim qoruyub saxlayır və qəlbində yaşadır.
Rayon rəhbəri şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət bayrağını şəhidin oğluna təqdim edib.
Məlumat üçün bildiririk ki, Nazim Şirin oğlu Şirinov 01 yanvar 1962-ci ildə Cəbrayıl rayonunun Doşulu kəndində anadan olub. 1969-1971-ci illərdə Doşulu kənd məktəbində, 1971-1977-ci illərdə Cəbrayıl şəhər internat məktəbində, 1977-1979-cü illərdə isə Balyand kənd gecə məktəbində orta təhsil alıb. 1979-1981-ci illərdə Rusiyada hərbi xidmət keçib. 1981-ci ildə vətənə qayıtsa da bir müddət sonra yenidən Rusiyaya gedərək 1989-cu ilədək orada tikinti sahəsində çalışıb. 1989-cu ildə yenidən vətənə qayıdan Nazim Şirinov 1991-ci ilədək Cəbrayıl rayon Yol idarəsində çalışıb. 1991-ci ildə Cəbrayıl rayon Polis şöbəsinə işə qəbul olunan Nazim Şirinov 1993-cü ilin oktyabr ayına kimi polis kimi fəaliyyət göstərib. 23 oktyabr 1993-cü il tarixdə atası Şirinov Şirin Bilal oğlu, qardaşı Şirinov Tahir Şirin oğlu və dayısı oğlu Hüseynov Cavanşir Ərşad oğlu ilə birlikdə Füzuli rayonunun Şükürbəyli kəndində itkin düşüb. Şəhidin nəşinin qalıqları Füzuli rayonu, Balabəhmənli kənd qəbiristanlığında aşkarlanıb.
Nazim Şirinov 1989-cu ildə Həmzəyeva Möhparə Şirəli qızı ilə ailə həyatı qurub. Bu nikahdan iki övladları – Şirinov Mirzə Nazim oğlu və Şirinov Taryel Nazim oğlu dünyaya gəlib.