Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsi şəhidi Müşfiq Quliyev dəfn edilib

07 fevral 2025 | 15:59

    07 fevral 2025-ci il tarixdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş rayonun Horovlu kənd sakini Quliyev Müşfiq İbrahim oğlunun dəfn mərasimi keçirilib. Mərasimində      Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, İcra hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Dəfn mərasimdə çıxış edənlər şəhidlərimizə allahdan rəhmət, yaxınlarına səbir diləyib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun göstərdiyi şücaətdən danışaraq qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıblar.
    Mərasimdə hərbi orkestrın müşayəti ilə Dövlət Himni səslənib, yaylım atəşi açılıb, Cəbrayıl rayon Horovlu kənd qəbiristanlığında dəfn edilən şəhidin ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət bayrağını qardaşı Quliyev Faiq İbrahim oğluna təqdim edib.
    Məlumat üçün bildiririk ki, Quliyev Müşfiq İbrahim oğlu 21 mart 1971-ci ildə Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. 1978-1988-ci illərdə Horovlu kənd orta məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Neft Akademiyasının Kimya-texnologiya fakültəsinə qəbul olunub. 1993-cü ildə ali təhsilini başa vuran leytenant Müşfiq Quliyev doğma kəndinə qayıdaraq könüllü ordu sıralarına qatılıb. 16 sentyabr 1993-cü ildə Quliyev Müşfiq İbrahim oğlu Cəbrayıl rayonunun Çaxırlı kəndi ərazisində itkin düşüb. Şəhidin nəşinin qalıqları İmişli rayonunun Şəmiddin qəbiristanlıqda aşkarlanıb.

Keçidlər