Birinci Qarabağ müharibəsi şəhidi Mehdiqulu Quliyev dəfn edilib
05 iyun 2024-cü il tarixdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş rayonun Niyazqulular kənd sakini Quliyev Mehdiqulu Mədət oğlunun dəfn mərasimi keçirilib. Dəfn mərasimində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın əməkdaşları, din xadimləri, şəhidin ailə üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən RİH başçısı Kamal Həsənov şəhidlərimizə allahdan rəhmət, yaxınlarına səbir diləyib. Rayon rəhbəri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun göstərdiyi şücaətdən danışaraq qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Beyləqan rayon Milabad qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn edilən şəhidin ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb. Rayon rəhbəri şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət bayrağını qardaşı Quliyev Yaşar Mədət oğluna təqdim edib.
Məlumat üçün bildiririk ki, Quliyev Mehdiqulu Mədət oğlu 01 iyun 1958-ci ildə Cəbrayıl rayonunun Niyazqulular kəndində anadan olub. 1965-1969-cu illərdə Niyazqulular kənd ibtidai məktəbində, 1969-1973-cü illərdə isə Şahvəlli kənd orta məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra 1973-1975-ci illərdə həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra, 1975-ci ildən 1990-cı ilədək Şahvəlli kənd “Bakı” kolxozunda müxtəlif sahələrdə (kolxozçu, kənd poçtalyonu, sürücü) çalışıb. 1990-cı ildən 1993-cü ilin oktyabr ayına kimi Niyazqulular kənd Qurban Namazəliyev adına kolxozda sürücü işləyib. 23 oktyabr 1993-cü ildə Quliyev Mehdiqulu Mədət oğlu və 4 nəfər ailə üzvü - həyat yoldaşı Quliyeva Ofeliya Məmiş qızı, 3 övladı - Quliyev Ceyhun Mehdiqulu oğlu, Quliyev Xürrəm Mehdiqulu oğlu və Quliyeva Ceyhunə Mehdiqulu qızı ilə birlikdə Füzuli rayonu ərazisində itkin düşüb. Şəhidin nəşinin qalıqları Füzuli rayonu, Balabəhmənli kənd qəbiristanlığında aşkarlanıb.