Birinci Qarabağ müharibəsi şəhidi Elməddin Abbasov dəfn edilib
23 may 2024-cü il tarixdə Gəncə şəhəri, Şəhidlər xiyabanında nəşinin qalıqları aşkarlanan Elməddin Şirxan oğlu Abbasovun dəfn mərasimi keçirilib. Dəfn mərasimində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəisi, polkovnik Rəfət Abdullayev, aparatın əməkdaşları, din xadimləri, şəhidin ailə üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və Sumqayıt şəhərində fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri iştirak ediblər.
Vida mərasimindən sonra Şəhid Elməddin Şirxan oğlu Abbasovun nəşi Sumqayıt şəhərindəki Şəhidlər xiyabanına gətirilərək Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb, ruhuna dualar oxunub. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək bildirib ki, şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Bu zirvəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu bilməyən, cəsarətli, mərd, qəlblərində vətənə, millətə böyük sevgi olan insanlar yüksələ bilir. Bu gün dəfn olunan şəhidimiz Elməddin Abbasov da məhz həmin oğullardandır. Azərbaycan xalqı vətənimizin hər qarış torpağı üçün canından keçən şəhidlərimizin əziz xatirəsini daim qoruyub saxlayır və qəlbində yaşadır.
Rayon rəhbəri şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət bayrağını atası Abbasov Şirxan Bəhrəm oğluna təqdim edib.
Məlumat üçün bildiririk ki, Abbasov Elməddin 02 fevral 1975-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndində anadan olub. 1982-1992-ci illərdə rayonun Nüzgar kənd orta məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Qusar rayonundan başlayan hərbi xidmətini Kəlbəcər rayonunda davam etdirib. 10 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.