Beynəlxalq müəllimlər gününüz mübarək
Hörmətli müəllimlər!
Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə xalqımızın xoşbəxtliyi naminə çalışdığınız bu məsuliyyətli, şərəfli yolda uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.
Hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan, bəşəriyyətin bugünkü iqtisadi və elmi uğurlarına rəvac verən, böyük kəşflərin, nəhəng ixtiraların müəlliflərini yetişdirən şəxsiyyətdir, simadır.
Təqdirəlayiq haldır ki, bu gün məktəblərimizdə öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, Azərbaycanımızı çiçəklənən, inkişaf edən, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqil ideyalara sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, bilikli, sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək qabiliyyətinə malik müəllimlərimiz çoxdur. Məhz belə müəllimlərin əməyinin nəticəsidir ki, şagirdlərimiz Respublika və Beynəlxalq fənn olipiadalarında qızıl, gümüş, bürünc medallar qazanır, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq uğurlu nəticələr göstərir, Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaətlə vuruşaraq xalqımızın tarixi Zəfərinin qazanılmasına öz imzalarını atırlar.
Ulu Öndər Heydər Əliyevin maarifçilik ideyalarını bu gün uğurla həyata keçirən Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi yüksək diqqəti və göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına, Azərbaycanın dünya miqyasında tanıdılmasına xidmət edir.
Dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək qiymətləndirib. Təhsil işçilərinin əmək haqlarının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan bütün addımlar bunu bir daha sübut edir.
Sevindirici haldır ki, indi işğaldan azad edilmiş ərazilərimizdəki məktəblərdən zəng səsləri eşidilir, müəllimlərimiz Şuşa, Xankəndi, Xocalıda, Füzuli, Cəbrayıl və digər yaşayış məntəqələrimizdə şagirdlərimizə bilik verir, elmin sirlərini öyrədirlər. Əzəli torpaqlarımızda, yenidən qurulan şəhər və qəsəbələrimizdə öz missiyalarını şərəflə yerinə yetirən müəllimlərimiz eyni zamanda gənc nəslə keçmişi xatırladır, bu günü paylaşır, gələcəyi qururlar.
Əziz müəllimlər! Unutmayaq ki, xalqın tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən başlayır. Əgər bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik. Bir daha Sizi peşə bayramınız münasibəti ilə təbrik edir, fədakar əməyinizə görə təşəkkürümü bildirir və gələcək fəaliyyətinizdə uğurlar diləyirəm.
Bayramınız mübarək!
Kamal Həsənov
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı