Beynəlxalq ailə günü münasibətilə Göyüşovlar ailəsi ilə görüş keçirilib
14 may 2025-ci il tarixdə Beynəlxalq Ailə Günü münasibətilə rayonun Böyük Mərcanlı kənd sakinləri, 51 il birgə nikahda olan Göyüşovlar ailəsi ilə görüş keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, aparatın məsul əməkdaşları iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun təbriklərini Göyüşovlara çatdıran F.İbayeva bildirib ki, ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı hesab olunub. Ailə dəyərlərini, ailə ləyaqətini hər zaman uca tutan xalqımız bu dəyəri milli adət-ənənəmizə çevirib. Ölkəmizdə ailə dəyərlərinin qorunması, təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan ailəsi və onun problemləri hər zaman dövlətimizin diqqət mərkəzində saxlanılır. Rayonumuzda da mütəmadi olaraq dövlət ailə siyasətinin həyata keçirilməsi, ailə institutunun inkişafı, cəmiyyətdə ailə dəyərlərinin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliği məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. “Ailələrimizi tanıdaq” layihəsi çərçivəsində sağlam və güclü təməl üzərində qurulan, ailə dəyərlərinə önəm verən, onu yaşadan uzunömürlü, nümunəvi ailələrlə görüşlər təşkil olunur, həyat təcrübələri işıqlandırılır.
Görüşdə 8 övlad, 22 nəvə, 1 nəticə sahibi olan İsmayıl və İpəknaz Göyüşovlar onları ziyarətə gələn qonaqlara öz təşəkkürlərini bildirərək, keçdikləri ömür yolundan, əmək fəaliyyətlərindən geniş söhbət açıblar. Ailənin-sevginin, hörmətin və birliyin təməli olduğunu vurğulayaraq, gənc ailələrə səbirli, təmkinli olmağı, şükür etməyi, bir-birinin fikirlərinə hörmətlə yanaşmağı tövsiyə ediblər. Ailə dəyərlərinə sadiq, zəhmətkeş, nümuməvi ömür yolları ilə seçilən Göyüşovlar göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər.