Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-1 məcburi köçkün şəhərciyində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirilib
21 avqust 2023-cü il tarixində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar qəbul-görüşü Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-1 məcburi köçkün şəhərciyi, Dirili Qurbanı adına Soltanlı kənd tam orta məktəbin binasında müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirib.
Səyyar qəbul-görüşdə çıxış edən icra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, o cümlədən Cəbrayıl rayonunun ərazisində aparılan tikinti və quruculuq işlərindən söhbət açıb.
Rayon rəhbəri çıxışı zamanı həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışıb.
Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilib, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.
Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.