Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon qərargahında növbəti səyyar görüş-qəbul keçirilib
Səyyar qəbul qrafikinə əsasən 25 iyul 2025-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov rayon sakinləri ilə növbəti səyyar görüş-qəbulu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon qərargahında keçirib. Qəbulda Rayon İcra Hakimiyyətinin əməkdaşları və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.
Səyyar görüş-qəbulda çıxış edən rayon rəhbəri ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı söhbət açıb.
Rayon sakinlərinin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb.
Qəbulda iştirak edən rayon sakinləri respublikamızda və rayonumuzda görülən quruculuq işlərinə, həmçinin, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.