Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl Rayon İcra Hakimiyyətinin qərargahında rayon sakinləri ilə səyyar qəbul keçirilmişdir
Əhalinin problemlərinin yerində həll edilməsi məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 15 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl Rayon İcra Hakimiyyətinin qərargahında rayon sakinləri ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayon İcra hakimiyyətinin məsul əməkdaşları, ərazidə yaşayan məcburi köçkünlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin əsas məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerlərdə öyrənmək və həllini təmin etməkdən ibarətdir. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərə göstərilən hərtərəfli diqqət və qayğıdan ətraflı söhbət açaraq, Respublikanın bütün bölgələrində məskunlaşmış köçkünlərin yaşayış şəraitinin və məşğulluğunun yaxşılaşdırılmasının daim ölkə başçısının diqqət mərkəzində olduğunu bildirmiş, ölkəmizdə və işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərindən geniş söhbət açmışdır.
Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilərək onların müraciətlərinin bir çoxu yerindəcə həll edilmiş, digərlərinin isə qısa zamanda öz həllini tapması üçün aidiyyəti qurumlara və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.