Bakı şəhəri, Nərimanov rayonunda növbəti səyyar görüş-qəbul keçirilib
04 noyabr 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon İcra Hakimiyyətinin qərargahında rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə icra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları və ərazidə məskunlaşan rayon sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək son illərdə respublikamızın bütün bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələrdən sakinlərə geniş məlumat verib.
Səyyar görüş-qəbul zamanı sakinlər rayona qayıdış, onları narahat edən digər məsələlərlə bağlı suallar səsləndiriblər. Vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, səsləndirdikləri problemlərin həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.