Şriftin ölçüsü :

Saytın rəngi :

Baharın ilk müjdəçisi-Su çərşənbəsi

25 fevral 2025 | 09:12

    Yurdumuza əsrlərin sınağından çıxan, xalqımızın mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir. Novruz təbiətin canlanması, torpağın oyanması, ruhun təzələnməsi bayramıdır. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Bayrama hazırlıq isə baharın müjdəçisi olan su çərşənbəsi ilə başlayır.
    Bu gün ilk çərşənbə - Su çərşənbəsidir. Xalq arasında “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə” kimi də tanınır. İnanca görə, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə də su ilk çərşənbə kimi qeyd olunur. Su çərşənbəsində suyun müqəddəsliyi ifadə edilir. Su həyat mənbəyi, aydınlıq rəmzi sayılır. Su çərşənbəsi ərəfəsində, adətən, hər kəs öz ev-eşiyini sahmana salır, divarlar rənglənir, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir, qurumuş və artıq zoğlar kəsilir, su hövzələrində abadlıq işləri görülür, arxlar qaydaya salınır, su ilə bağlı müxtəlif şənliklər keçirilir.
    Türk mifologiyasında suyun müqəddəsliyi ilə bağlı bir çox inanclar mövcuddur. İnanca görə qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması mümkündür. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və başqa ayinlər həmin gün icra olunur, Novruzun ilk çərşənbəsində su təzələnir, sübh tezdən bulaqdan götürülən su şəfalı hesab edilir. İnanırlar ki, Su çərşənbəsi günü “təzə su” üstündən keçənlər, azarını, bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olarlar. Bu inamla həmin gün Günəş doğmamışdan hamı su üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyər, su üstündən atlanar, yaralıların yarasına su səpərmişlər.
    Bu çərşənbədə qadınlar, qızlar su fallarına baxarlar. Həmin gecə subay qızlar bir evə yığışar, bu mərasimi icra etmək üçün axar sudan - bulaqdan, yaxud çaydan əvvəlcədən su götürülər. Su şər qarışandan sonra gətirilər və falda istifadə olunan həmin suya “lal su” deyərlər. Bu suyu gətirməyə bir və ya bir neçə nəfər gedir. Suyu gətirən qabı əlinə götürəndən suyu gətirib evdə su falına baxılacaq qaba tökənədək danışmamalıdır. Əks halda, həmin su ilə fal açmaq doğru sayılmır. Buna görə də həmin suya “lal su” deyirlər.
Su çərşənbəsində hamının həyətində tonqal qalanar. İlk tonqalın su çərşənbəsində yandırılması isə buzların əriməsinin, qışın sonunun yaxınlaşmasının, sərt soyuqların arxada qalmasının əlamətidir.
    Beləliklə, əbəs yerə su çərşənbəsini Novruz çərşənbələrinin gözəli adlandırmayıblar. Bu çərşənbədə yuxuda su görmək, dəryada üzmək, dənizə düşmək, çaydan keçmək, ümmanlarda qərq olmaq aydınlıqdır. Ömrümüz su qədər saf, təmiz və aydınlıq içində keçsin!
     Su çərşənbəniz mübarək!

Keçidlər