Azərbaycanın Xalq yazıçısı Sabir Əhmədlinin anım günüdür
Bu gün Azərbaycan nəsr ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Sabir Əhmədlinin anım günüdür. Sabir Əhmədli yaradıcılığı əsasən vətəndaşlıq hissinin ali məqsədindən doğan mövzulara həsr olunub, əsərlərində bu məsələyə geniş yer verilib. Yazıçının publisistik yazıları əsasən xalqın tarixi yaddaşına söykənən, ictimai-ədəbi mühitdə böyük rezonans yaradan faktlarla zəngin olub, maraqla qarşılanıb.
Xalqın taleyinə, ağrısına xüsusi həssaslıqla yanaşan S.Əhmədli özündən sonra Azərbaycan ədəbiyyatına «Görünməz dalğa», «Pillələr», «Dünyanın arşını», «Yamacda nişanə», «Toğana», «Yasamal gölündə qayıqlar üzür», «Şəhid ruhu», «Axirət sevdası», «Gedənlərin qayıtmağı», «Yanvar hekayələri» kimi fərqli və maraqlı əsərlər qoyub getdi. Onun hər bir əsərində dövrünün ictimai proseslərinə, cəmiyyəti narahat edən məsələlərə, insanın mənəvi dünyasına öz baxış tərzi var.
Sabir Əhmədlinin işıqlı xatirəsi daim qəlbimizdə yaşayacaqdır.