Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın 99-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir

29 aprel 2022 | 09:53

    28 aprel 2022-ci il tarixdə Cəbrayıl rayon Mərkəzi Xəstəxanasında Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir.
     Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və "Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin tibb işçiləri iştirak etmişlər.
     İlk öncə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışaraq bildirmişlər ki, akademik Zərifə Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Zərifə xanım Əliyeva çoxsahəli və çoxşaxəli göz xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasını ölkə miqyasında yüksək səviyyədə düzgün təşkil etməklə bərabər, həm də müasir tipli laboratoriyalar yaradılmasına, insanların sağlam həyat tərzinin mühafizə olunmasına xüsusi diqqət yetirirdi. Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmiş, o özündən sonra dəyərli məktəb qoymuşdu. Təbabətdə öz dəstxəti olan novator alim 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifidir. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
     Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Onun yaşadığı ömür başdan-başa bir işıq mücəssəməsidir.

 

 

Keçidlər