Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Cəbrayıl rayonuna səfər ediblər
03 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Cəbrayıl rayonuna səfər ediblər. Səfər çərçivəsində ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub, Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştrak ediblər.
Səfər zamanı ölkə Prezidenti Soltanlı kəndində “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Prestij-Kimya” MMC-nin zavodunun, “Karabakh Stone” MMC-nin zavodunun, Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməlqoyma mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də isə Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.