Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Horovlu kəndini 2020-ci il oktyabr ayının 4-də Azərbaycan Ordusu işğaldan azad edib.
Kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.
Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt döşənib.
Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib.
Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq.
Cəbrayıl rayonunun Horovlu kəndində yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısı kəndə köçən sakinlərlə görüşdü, onlara mənzillərin açarlarını təqdim etdi.






