Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 107 il ötür

09 iyul 2026 | 12:02

        Bu gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 107 il ötür.
       1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsini əsas götürərək və milli diplomatiyanın həm müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasında, həm də müasir müstəqil Azərbaycan dövlətinin formalaşmasındakı mühüm rolunu nəzərə alaraq Prezident İlham Əliyev 2007-ci il avqustun 24-də Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, hər il iyulun 9-u Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.
        Azərbaycan diplomatiyası ilk addımlarını atarkən – 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.
    1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanındıqdan sonra hökumət Qərbi Avropa və Amerika ölkələrində diplomatik nümayəndəliklərin yaradılması ilə bağlı qanun layihəsi hazırladı. Bu təşəbbüs gənc dövlətin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm addım idi. Lakin 1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər Qurultayında SSRİ-nin yaradılması haqqında müqavilənin imzalanması ilə Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. Nəticədə, 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 nömrəli əmri ilə Türkiyə və İran istisna olmaqla, ölkədə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi.
İkinci Dünya müharibəsinin sonlarına yaxın – 1944-cü ildə sovet hakimiyyəti strateji maraqlarını nəzərə alaraq digər müttəfiq respublikalar kimi Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da təsis etdi. Bununla belə, bu qurum uzun illər ərzində yalnız formal fəaliyyət göstərdi.
        Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə dünyanın bir çox ölkələri və BMT tərəfindən tanındı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışından sonra milli dövlət quruculuğu prosesi Xarici İşlər Nazirliyi sistemini də əhatə etdi. Məhz həmin dövrdə Azərbaycanın xarici siyasətinin strateji istiqamətləri müəyyənləşdirildi.
      Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə milli maraqlara söykənən, müstəqil, çoxşaxəli, balanslaşdırılmış və fəal xarici siyasət həyata keçirilir. Etibarlı tərəfdaş kimi tanınan ölkəmizin xarici siyasət uğurları qonşu dövlətlərlə və digər ölkələrlə qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qurulmasına söykənir. Xarici siyasətdə əldə olunan uğurlar 2020-ci ildə Vətən müharibəsi dövründə də özünü aydın şəkildə göstərdi. Məhz həyata keçirilən məqsədyönlü diplomatiya nəticəsində Azərbaycanın haqlı mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndi.
      Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və xarici siyasət sahəsində fəallığının nəticəsi olaraq ölkəmiz xaricdəki diplomatik nümayəndəliklərinin sayını ildən-ilə artırır. Belə ki, Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı artıq 92-yə çatıb. Hazırda ölkəmiz xaricdə 69 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi ilə təmsil olunur.
      Respublikamızda isə rəsmi akkreditə olunmuş 60-dan çox xarici dövlətin səfirliyi, 4 baş konsulluq və 20-dən çox beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir.
Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edir, onlara dövlətimizin milli maraqlarının qorunması və beynəlxalq müstəvidə uğurla təmsil olunması istiqamətindəki fəaliyyətlərində uğurlar arzu edirik.
      Bayramınız mübarək əziz diplomatlar.

Keçidlər