Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib
12 yanvar 2023-cü il tarixdə Cəbrayıl rayon icra Hakimiyyətinin inzibati binasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Hacıyev Vahid Rasim oğlu ilə görüş keçirilib. Görüşdə Cəbrayıl rayon icra Hakimiyyətinin başçısı Kamal Həsənov, Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı bərpa, tikinti və idarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Növrəs Cəfərov, Xüsusi Nümayəndəliyin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və ziyalılar iştirak ediblər.
Görüş zamanı rayon icra Hakimiyyətinin başçısı Kamal Həsənov, Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı qələbədən söhbət açıblar. Azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq, bərpa işlərindən danışaraq göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Prezident İlham Əliyevin tapşırığı əsasında rayonda bərpa-quruculuq, iqtisadiyyatın yenidən qurulması, sakinlərin məskunlaşdıqdan sonra sosial vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq dövlət proqramlarının işlənib hazırlandığını qeyd etdilər.
Sonda rayon sakinlərinin təklifləri və fikirləri dinlənilərək geniş müzakirələr aparıldı.