Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Tofiq Hacıyevin 90 illiyi qeyd olunub

27 may 2026 | 12:33

    26 may 2026-cı il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbində Müasir Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Tofiq İsmayıl oğlu Hacıyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
    Yubiley tədbirində Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP fəalları, elm xadimləri, ziyalılar, təhsil ictimaiyyəti, akademikin ailə üzvləri və məktəbin pedaqoji kollektivi iştirak ediblər.
Zəngin elmi irsini əks etdirən kitablarından ibarət sərgiyə baxışla başlanan tədbirdə akademikin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.
    Çıxış edənlər Tofiq Hacıyevin Türk dünyası miqyasında tanınan görkəmli alim və parlaq şəxsiyyət olduğunu, səmərəli elmi-pedaqoji fəaliyyəti ilə ölkəmizdə elmin və təhsilin inkişafına dəyərli töhfələr verməsindən geniş söhbət açaraq xatirələrini bölüşüblər. Qeyd olunub ki, milli filologiyanın aktual problemlərinin həlli ilə ardıcıl məşğul olmuş alim, milli-mənəvi varlığımız olan dilimizin tarixini ədəbiyyat tariximizdən ayırmamış, bu vəhdəti öz yaradıcılığının ana xəttinə çevirmişdir. Dil tarixşünaslığında məktəb yaratmışdır, məhz bu səbəbdəndir ki, əsərləri təkcə dilçilik baxımından deyil, həm də ədəbiyyat tariximizin möhtəşəm salnaməsi kimi qəbul olunur. Tofiq Hacıyevin elmi yaradıcılığında Azərbaycan xalqının möhtəşəm abidəsi, alimin təbirincə desək ana kitabımız olan “Kitabi-Dədə Qorqud” dastanlarının mühüm yeri vardır. Onun dilçiliyin müxtəlif istiqamətlərinə dair yüksək nəzəri səviyyəsi ilə seçilən çoxsaylı araşdırmaları türkologiya elminin nailiyyətləri sırasındadır.
    Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə üzvi surətdə əlaqələndirən Tofiq Hacıyev uzun illər ərzində Bakı Dövlət Universitetinin professoru kimi yüksək ixtisaslı kadrların hazırlanması üçün də böyük əmək sərf etmişdir. Alimin rəhbərliyi ilə 30-dək fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. O, iştirakçısı olduğu mötəbər beynəlxalq simpozium, konfrans və forumlarda çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Çoxillik axtarışlarının nəticələri respublikada və onun hüdudlarından kənarda 500-ə yaxın elmi əsərdə, 20-dən çox kitabda, eləcə də monoqrafiya və dərsliklərdə əksini tapmışdır.
    Dövlətimiz akademikin Azərbaycan dilçiliyinin inkişafı sahəsindəki xidmətlərini və elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirmişdir. O, 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 2009-cu ildə isə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
    Ailə üzvləri adından çıxış edən mərhumun oğlu Azər Hacıyev tədbirin təşkilinə görə Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib.
    Tədbir Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbin 7-ci sinif şagirdi, muğam ifaçısı Axundov Rüfət Ərəstun oğlunun ifasında “Bayatı-Şiraz” təsnifi ilə yekunlaşdırılıb.

Keçidlər