Akademik Mehdi Mehdizadənin əziz xatirəsi ürəklərdə yaşayır
May ayının 1-i böyük pedaqoq, Əməkdar elm xadimi, akademik Mehdi Məmməd oğlu Mehdizadənin anım günüdür, əbədiyyətə qovuşmasından 42 il ötür.
Azərbaycan təhsilinin inkişafında əvəzsiz xidmətləri olan Mehdi Mehdizadənin 1903-cü ilin yanvar ayının 5-dən Cəbrayıl rayonunun Daşkəsən kəndindən başlayan uğurlu ömür yolu, elmi-pedaqoji fəaliyyəti 1941-ci ildə namizədlik, 1956-cı ildə doktorluq dissertasiyalarının müdafiəsi, 1961-ci ildə isə respublikanın uzun müddətli xalq maarifi naziri kimi səmərəli fəaliyyəti ilə davam etdirilib. Həmçinin SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olub.
Yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında da böyük xidmətləri olan akademikin rəhbərliyi ilə neçə-neçə namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib, Moskva, Tbilisi, Bakı və digər şəhərlərin elmi şuralarında onlarca namizədlik və doktorluq dissertasiyalarına rəsmi opponent olub. Xalq maarifinin və pedaqogika elminin aktual məsələləri ilə əlaqədar böyük əhəmiyyət daşıyan tədbirlərin təşkilində həmişə fəal iştirak edib, dərin məzmunlu mühazirələr oxuyub, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxtəlif komissiyalarına bacarıqla rəhbərlik edib.
Akademik 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın, Moskvada nəşr olunan 4 cildlik "Pedaqoji Ensiklopediya"nın, 2 cildlik "Pedaqoji lüğət"in müəlliflərindən biri kimi də tanınır. Həyatının son illərində tamamladığı "Məktəb və məktəbli şəxsiyyətinin hərtərəfli inkişafı", "Azərbaycanda məktəb təhsilinin və pedaqoji fikrin inkişafı" adlı əsərləri görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilib.
Mehdi Mehdizadənin fəaliyyətində həmçinin beynəlxalq əlaqələr, beynəlxalq təşkilatların təşkil etdikləri tədbirlərdə fəal iştirak, bu tədbirlərdə dərin məzmunlu elmi pedaqoji məruzə və çıxışlar əsas yer tutur. O, 1961–1965-ci illərdə YUNESKO-nun Yaşlıların Təhsili üzrə Məsləhət Komitəsinin daimi üzvü seçilmiş, Sovet nümayəndə heyətinin tərkibində Polşa, Hollandiya, Fransa, Afrika qitəsində və digər ölkələrdə rəsmi səfərlərdə olmuşdur. 1961-ci ildə YUNESKO yanında Yaşlıların Təhsili Üzrə Beynəlxalq Komissiyanın sessiyasında iştirak etmiş akademikin "Zaqafqaziyada yaşlı əhali arasında savadsızlığın ləğvi təcrübəsindən" adlı məqaləsi YUNESKO-nun Şərq ölkələri üzrə mətbuat orqanında, "Afrika ölkələrində yaşlı əhalinin təhsilinin əsas məsələləri" mövzusunda məruzəsi isə YUNESKO-nun sənədlərində ingilis, fransız və ispan dillərində çap olunmuşdur.
50 ilə yaxın çox məsuliyyətli dövlət vəzifələrində çalışması onu 1930-cu ildən başladığı elmi-pedaqoji tədqiqatlarından bir an belə ayırmamış, həmin işləri ömrünün sonuna qədər sistemli şəkildə davam etdirmiş, məqsədli fəaliyyəti nəticəsində respublikamızda pedaqogika elminin formalaşmasına müsbət təsir göstərmişdir. Alimin ölkəmizdə məktəb quruculuğu, xalq maarifinin təşkili, təhsilin məzmunu, təlim metodlarının təkmilləşdirilməsi, tərbiyəvi işlərin, xalq maarifinin idarə olunmasının səmərəliliyinin artırılması sahəsindəki tədqiqatları pedaqoji ictimaiyyət arasında geniş yayılaraq, təhsil sistemimizə böyük fayda vermişdir.
Akademik Mehdi Məmməd oğlu Mehdizadə 1 may 1984-cü il Bakı şəhərində vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.






