Akademik Mehdi Mehdizadənin əbədiyyətə qovuşmasından 41 il ötür
Bu gün gökəmli pedaqoq, maarifçi, Əməkdar elm xadimi, akademik Mehdi Məmməd oğlu Mehdizadənin anım günüdür, əbədiyyətə qovuşmasından 41 il ötür.
Mehdi Mehdizadə 1903-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. Uşaqlıq illərindən təhsilə, elmə xüsusi diqqət və maraq göstərən alim doğma yurdu Cəbrayılda pedaqoji kurs keçdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olub və 1926-cı ildə İnstitutu bitirib. Əmək fəaliyyətinə Qaryagin (indiki Füzuli) şəhərində başlayıb və II dərəcəli məktəbdə müəllimlik edib. Elmi fəaliyyətlə məşğul olan tanınmış pedaqoq 1941-ci ildə namizədlik, 1956-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və digər sahələrdə müxtəlif vəzifələrdə çalışıb. 1961-ci ildə respublikamızın xalq maarifi naziri seçilərək uzun müddət səmərəli fəaliyyət göstərib. SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olub.
Azərbaycan Təhsilinə böyük töhfələr verən maarifçi pedaqogika və təhsilə dair dəyərli monoqrafiya və məqalənin müəllifidir. Alimin yaxından iştirakı və həmmüəllifliyi ilə iki hissədən ibarət “Pedaqogika” dərs vəsaiti hazırlanaraq nəşr edilib.
Görkəmli alim və pedaqoq təhsil idarəçiliyi sahəsində əsl məktəb yaratmışdı. Böyük pedaqoqun yaratdığı həmin məktəb bu gün də öz əhəmiyyətini itirməyib. İnsanpərvər şəxsiyyət, geniş dünyagörüşə malik böyük ziyalı ölkənin, cəmiyyətin inkişafını həmişə elmdə, təhsildə görürdü və təhsilimizin təkmilləşdirilməsinə daim xüsusi önəm verirdi.
Göstərdiyi xidmətlərinə görə akademik M.Mehdizadə yüksək mükafatlara layiq görülüb. O, Azərbaycan təhsilinin heç zaman unudulmayan, daim böyük sevgi və hörmətlə xatırlanan parlaq simalarındandır.