Akademik Mehdi Mehdizadə-123
Bu gün görkəmli alim, dünya şöhrətli pedaqoq, Əməkdar elm xadimi, akademik Mehdi Məmməd oğlu Mehdizadənin anadan olmasının 123 ili tamam olur.
Azərbaycan Təhsilinə böyük töhfələr vermiş maarifçi 1903-cü il yanvar ayının 5-də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti). Qaryagin (indiki Füzuli) şəhərində müəllim kimi pedaqoji fəaliyyətə başlayan böyük şəxsiyyət 1941-ci ildə namizədlik, 1956-cı ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və digər sahələrdə müxtəlif vəzifələrdə çalışıb.
Mehdi Mehdizadə 1961-ci ildə respublikanın xalq maarifi naziri seçilərək 23 il səmərəli fəaliyyət göstərib. SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olan görkəmli təhsil qurucusu pedaqogika və təhsilə dair çoxlu sayda monoqrafiya və məqalənin müəllifidir. Alimin elmi yaradıcılığının əsasını təlimin təşkili, dərsin qurulması və aparılması, məktəb və pedaqoji fikir tarixinin araşdırılması məsələləri təşkil edir. Akademikin yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidmətləri olub, onun rəhbərliyi ilə neçə-neçə namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib, eyni zamanda, Moskva, Tbilisi, Bakı və digər şəhərlərin elmi şuralarında müdafiə edilən onlarca namizədlik və doktorluq dissertasiyalarına rəsmi opponentlik edib. Xalq maarifinin və pedaqogika elminin aktual məsələləri ilə əlaqədar böyük əhəmiyyət daşıyan tədbirlərin təşkilində fəal iştirak edən alimin oxuduğu dərin məzmunlu mühazirələri görkəmli pedaqoqlar tərəfindən yüksək qiymətləndirilib.SSRİ Pedaqoji Elmlər Akademiyasının müxtəlif komissiyalarına bacarıqla rəhbərlik edib, Azərbaycan Təhsilinə böyük töhfələr verən maarifçi göstərdiyi xidmətlərinə görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.
Görkəmli alim və pedaqoq, tanınmış ictimai və dövlət xadimi 1984-cü ildə Bakı şəhərində dünyasını dəyişib. Azərbaycan təhsilinin heç zaman unudulmayan, daim böyük sevgi və hörmətlə xatırlanan parlaq simalarından olan Mehdi Mehdizadənin adı bu gün də ölkəmizin təhsil ictimaiyyəti tərəfindən dərin hörmətlə anılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il oktyabrın 4-də Cəbrayıl şəhərində təməlini qoyduğu akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəb artıq iki ildir ki, fəaliyyətini uğurla davam etdirir.






