Akademik Əşrəf İskəndər oğlu Hüseynovun anadan olmasının 116 ili tamam olur
Hüseynov Əşrəf İskəndər oğlu 1907-ci il sentyabrın 20-də Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuşdur. 1931-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (1938), fizika-riyaziyyat üzrə elmlər doktoru (1948) elmi dərəcəsini, professor elmi adını almış, 1963-cü ildə AEA müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Azərbaycan Dövlət Universitetində (indiki BDU) kafedra müdiri və dekan (1939-1965), AEA Kibernetika İnstitutunun direktoru (1965-1970), AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1971-1980) vəzifələrində çalışmışdır.
Ə.Hüseynov Azərbaycanda müasir riyaziyyat elmi məktəbinin yaradıcılarından biridir. Qeyri-xətti riyazi fizika, nəzəri və tətbiqi mexanika, o cümlədən yeraltı qazodinamikanın çoxsaylı məsələlərinin tədqiqi, əsaslandırılması və həlli ilə bağlı qeyri-xətti sinqulyar inteqral tənliklər nəzəriyyəsinin ilk yaradıcılarındandır və bu sahədə görkəmli riyazi elmi məktəb və ənənə formalaşdırmışdır. Potensiallar nəzəriyyəsi, funksional analiz, diferensial tənliklər, kompleks dəyişənli funksiyaların sərhəd məsələləri sahəsində tədqiqatlar aparmıs, öz adı ilə bağlı olan funksiyalar fəzasını qurmuş, bu fəzada Koşi nüvəli qeyri-xətti sinqulyar inteqral tənliklər üçün varlıq və yeganəlik teoremlərini isbat etmişdir. İlk dəfə analitik funksiyalar üçün qeyri-xətti Hilbert məsələsini tədqiq etmişdir. Dövrü funksiyalar üçün təklif etdiyi fəzada İ.İ.Privalovun məşhur teoremi ümumiləşdirilmiş, dairənin dairəyə yaxın oblasta konform inikası məsələsi Holder sinfində qeyri-xətti inteqral tənliyə gətirilmiş və onun həlli üsulu verilmişdir. Analitik funksiyalar nəzəriyyəsinin xeyli sayda qeyri-xətti sərhəd məsələlərini qoymuş və həll etmiş, müxtəlif nüvəli sinqulyar inteqral tənliklərin məhdud həllərinin varlığı nəzəriyyəsi sahəsində geniş tətbiq olunan ciddi nəticələr almışdır.
Aldığı fundamental nəticələri tələbələri ilə birgə müxtəlif topoloji prinsiplər daxilində xeyli genişləndirmiş və riyazi fizika və qeyri-xətti funksional analizin çoxsaylı problemlərinin həlli və tədqiqində istifadə etmiş, qeyri-xətti tənliklərin həllinin budaqlanması nəzəriyyəsi, onların həlli üsulları, kvazi-xətti, parabolik və hiperbolik tənliklər üçün qarışıq məsələlər, sinqulyar operatorların struktur xassələri, qeyri-xətti sinqulyar inteqral tənliklər və analitik funksiyalar üçün qeyri-xətti sərhəd məsələləri nəzəriyyəsi, sinqulyar-inteqral tənliklərin ədədi həlli kimi elmi istiqamətləri yaratmış və inkişaf etdirmişdir.
80-dən çox elmi məqalənin, dərsliyin müəllifidir. Rəhbərliyi altında 60-dan çox namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.
1960-cı ildə Əməkdar elm xadimi, Əməkdar müəllim fəxri adlarını almışdır.
Akademik Əşrəf Hüseynov 1980-ci ildə Bakıda vəfat etmişdir.
Cəbrayıl rayon Əmirvarlı kənd tam orta məktəbi onun adını daşıyır.