Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Əşrəf Hüseynov - 117

20 sentyabr 2024 | 11:21

Bu gün bütün həyatını ölkəmizdə elmin və təhsilin inkişafına həsr etmiş  böyük insan,  fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Əşrəf İskəndər oğlu Hüseynovun anadan olmasının 117  ili tamam olur. Akademik Əşrəf Hüseynov Azərbaycanda riyaziyyat sahəsində böyük elmi məktəbin yaradıcılarından biri kimi elm tariximizə daxil olub, ölkəmizdə və Keçmiş Sovetlər birliyində sinqulyar inteqrallar və sinqulyar inteqral tənliklər məktəbinin banisi kimi tanınır.

       Əmək fəaliyyətinə tələbəlik illərindən başlayan görkəmli alim  Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra 1931-1933-cü illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş, 1932-ci ildə məşhur sovet riyaziyyatçısı akademik Andrey Tixonovun rəhbərliyi altında “Potensial nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik, 1948-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Onu da qeyd edək ki, o, Azərbaycanda riyaziyyat üzrə ilk elmlər doktorlarından biri olub. 1939-1965-ci illərdən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Funksiyalar nəzəriyyəsi və cəbr”, sonra isə “Funksiyalar nəzəriyyəsi funksional analiz” kafedrasının professoru, müdiri, mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifələrində çalışmış və riyazi analiz, diferensial tənliklər, inteqral tənliklər, riyazi fizika tənlikləri, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi və qeyri-xətti funksional analizin müxtəlif məsələlərinə dair xüsusi kurslar-mühazirələr oxumuşdur.

İstedadlı riyaziyatçı 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilib. 1965-ci ildə  Azərbaycan EA Kibernetika İnstitutunun ilk direktoru təyin edilən akademik 1970-1980-ci illərdə Elmlər Akademiyasının fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik katibi seçilib.

Azərbaycan sinqulyar inteqrallar və sinqulyar inteqral tənliklər məktəbinin banisi Əşrəf Hüseynovun ən böyük kəşfi dünya ədəbiyyatında” Hüseynov fəzaları” adlanan Banax tipli fəzaların qurulmasıdır. Onun  adını daşıyan “Hüseynov fəzaları” riyazi fizikanın müxtəlif problemlərinin tədqiqində sonrakı nəsil riyaziyyatçılar üçün bir örnək olmuşdur. Böyük alimin  rəhbrliyi ilə 30-dan çox namizədlik dissertasiyası müdafiə olunmuşdur. Azərbaycanın görkəmli riyaziyyatçıları Qoşqar Əhmədov, Yəhya Məmmədov, Xalid Muxtarov və Arif Babayevin doktorluq işlərinin məsləhətçisi olub.

Akademik Əşrəf Hüseynov elmi konfrans və qurultaylarda fəal iştirak edib. O, funksional analiz üsullarının qeyri-xətti məsələlərə tətbiqi, yeraltı neftin hidroqaz dinamik məsələlərinin riyazi həlli metodlarına həsr olunmuş ümumittifaq konfransına sədrlik edib, 1960-1965-ci illərdə keçmiş SSRİ-nin Ali və Orta Təhsil Nazirliyi yanında riyaziyyat sahəsi üzrə Metodik Şuranın üzvü olub.
      Görkəmli elm xadimi indiki MDB ölkələrinin ali təhsil ocaqlarında, Albaniyanın Tirana Universitetində ümumi və xüsusi kurslarda mühazirələr oxuyub. Azərbaycan dilində “İnteqral tənliklər” və “Çoxluqlar nəzəriyyəsi” dərsliklərinin müəllifi, Azərbaycan müəllimlərinin və şagirdlərinin yaxın dostu idi. O tez-tez məktəblərdə olar, valideynlər, müəllimlər və şagirdlərlə görüşər, istedadlı gənclərin vaxtında aşkar olunması, onlara vaxtında xüsusi diqqət yetirilməsi məsələsini vacib hesab edərdi. O dövrdə riyaziyyat üzrə şagirdlər arasında keçirilən olimpiadalar  daim onun diqqət mərkəzində idi.

          Elmi-pedaqoji fəaliyyətinə və elmi xidmətlərinə görə bir çox mükafatlarla təltif olunan Əşrəf Hüseynov 1960-cı ildə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

         Ömrünün sonuna qədər öz müdrikliyini, ləyaqətini, ziyalılığını, bəyzadəliyini və nəhayət, böyük insanlığını qoruyub saxlayan, Azərbaycanda riyaziyyat elminin banisi olmuş  akademik Əşrəf Hüseynov 1980-ci il avqustun 26-da 73 yaşında Bakıda  vəfat edib , Fəxri Xiyabanda dəfn olunub. Doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun Əmirvarlı kənd tam orta məktəbi akademikin adını daşıyır.

         Ölkəmizin elmi ictimaiyyəti dünya şöhrətli riyaziyyatçı alim, akademik Əşrəf Hüseynovun xatirəsini daim dərin hörmətlə anır.  

Keçidlər