Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli mənəvi dəyərlərimiz və müasirlik”

17 sentyabr 2015 | 15:00

17 sentyabr 2015-ci il tarixdə Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbə klubunda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Cəbrayıl rayon İcra Hakimiyyətinin birgə hazırladıqları “Milli mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda tədbir keçirildi.
Tədbirdən əvvəl Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin heykəli önünə gül-çiçək dəstəsinin qoyularaq ruhu ehtiramla yad edildi.
Sonra tədbir Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbə klubunda davam etdirildi. Tədbiri giriş sözü ilə açan Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı cənab Mahmud Quliyev ölkənin dinamik inkişafından, bu inkişafda cəmiyyətin bütün təbəqələrinin, dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlu iştirakından ətraflı danışdı. Ölkə prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanın tolerant ölkə olduğunu  xüsusi vurğuladı.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  sədri Mübariz Qurbanlı öz çıxışında Azərbaycan tarixinə nəzər salıb islam dininin mütərəqqi din olduğunu, bu dinin “Qurani –Kərimin” müddəalarına əsaslanaraq bəşəriyyətə yalnız sülh, əmin-amanlıq bəxş etdiyini real həyata əsaslanan misallarla müşavirə iştirakçılarına çatdırdı. Sədr göstərdi ki, ölkəmizdə din dövlətdən ayrı olsa da dövlətimiz onun inkişafına, islamın milli dəyərlərimizə əsaslanıb hər cür xurafatdan uzaq olmasına daimi diqqət və qayğı göstərir. Hal-hazırda respublikamızda iki mindən artıq məscidin, yeddi yüzdən çox dini inanc yerinin qapıları müsəlman adət-ənənələrinə sadiq qalan insanların üzünə açıqdır. Ziyalılar, valideynlər gənclərin tərbiyəsi ilə ciddi məşğul olmalı, yeniyetmələrin islamı düzgün başa düşüb yad təsirlərə uymalarına yol verməməlidirlər. Çox yaxşıdır ki, məcburi köçkünlük həyatı yaşayan Cəbrayıl rayonunda min illərdən süzülüb gələn mütərəqqi adət-ənənələrimiz gənc nəsillər tərəfindən qorunub saxlanılır və onlara hörmət göstərilir.
Tədbirdə çıxış edən din xadimi Oruc Quliyev, Cəbrayıl rayon Ağsaqqallar şurasının sədr müavini Mustafa Məhərrəmov, gənc dindar Elman Piriyev insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların həyatımıza ayaq açmaması üçün görülməli işlərdən  ətraflı danışdılar. Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev tədbirin işini yekunlaşdıraraq qəsəbədə məscid tikintisinin vacib olduğunu, dindarlara dövlətimiz tərəfindən göstərilən qayğı və diqqətə əməli işlə cavab vermələrini arzuladı.
Tədbirdə RİHB Aparatının məsul işçiləri, Hüquq-Mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin rəhbərləri, ərazi vahidi üzrə nümayəndələr, məktəb direktorları, bağça müdirləri, YAP fəalları, gənclər və yeniyetmələr, ictimaiyyət fəalları, ağsaqqallar, ziyalılar olmaqla ümumilikdə 380 nəfər iştirak edirdi.

Keçidlər