“15 May – Beynəlxalq Ailə Günü”nə həsr olunmuş bayram tədbir keçirilmişdir
13 may 2015-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyəti Biləsuvar rayonu 4 saylı qəsəbə klubunda “15 May – Beynəlxalq Ailə Günü”nə həsr olunmuş bayram tədbir keçirdi.
Bayram tədbirində şirniyyatlarla bəzədilmiş çay süfrəsi təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq dünyanın ən gözəl bayramlardan biri olan Beynəlxalq Ailə Gününü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, hər bir ailəyə məhəbbət, müvəffəqiyyət və birlik arzuladı. Ölkəmizdə ailəyə yüksək qiymət verildiyi, onun ülviliyinin qorunması və təməlinin möhkəm olmasına çalışıldığını bildirdi. Rayon rəhbəri nitqində Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə ailə siyasəti ilə bağlı məsələləri əsas vəzifələrdən biri kimi qarşıya qoyduğunu, ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirdiyini xüsusi vurğu ilə qeyd etdi. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən gənc ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial problemlərin aradan qaldırılması məqsədi ilə zəruri tədbirlərin görüldüyü barədə tədbir iştirakçılarına ətraflı məlumatlar çatdırdı.
Tədbirdə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov “Yeniyetməlik dövrünün anatomik-fizioloji xüsusiyyətləri”, rayon Təhsil şöbəsinin müdiri Validə Həsənova “Erkən nikahın yaratdığı fəsadların qarşısının alınmasında ailənin rolu” mövzusunda məruzə ilə çıxış etmiş, rayon ağbirçəyi Səkinə Quliyeva ailə bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək milli-mənəvi ailə dəyərlərindən, bu dəyərlərə yüksək qiymət verildiyindən söhbət açmış və gənc ailələrə ailə dəyərlərini qoruyub saxlamalarını tövsiyə etmişdir.
Bayram tədbirində “Məişət zorakılığına qarşı mübarizə”dən bəhs edən film nümayiş etdirildi.
Sonra tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirildi. Cəbrayıl rayon İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin şagirdlərinin ifa etdiyi şerlər, 8 saylı uşaq bağçasının balacalarının gözəl rəqsləri, müğənnilər Sədaqət Ağayev, Sarvan Vaqifoğlu, Məmmədrza Məmmədrzayev və Böyük Mərcanlı Uşaq İncəsənət məktəbinin şagirdlərinin bir-birindən gözəl mahnıları tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Tədbirdə 258 nəfərdən çox rayon sakini iştirak edirdi.