Şriftin ölçüsü :

Saytın rəngi :

9 saylı Cəbrayıl qəsəbəsində səyyar qəbul keçirilmişdir

04 iyun 2022 | 11:10

Ölkəmizdə vətəndaş məmnunluğunun əsas götürülməsi hər bir dövlət məmuru üçün örnəkdir. Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Cəbrayıl rayonunda həmişə nümunə kimi götürülür. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından başlayaraq Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının respublikanın müxtəlif bölgələrində məskunlaşmış rayon əhalisi ilə səyyar qəbulları keçirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun vətəndaşlarla iyun ayı üzrə nəzərdə tutulan birinci səyyar görüşü Biləsuvar rayonu ərazisindəki 9 saylı Cəbrayıl qəsəbəsində keçirilmişdir.
İyun ayının 3-də keçirilən səyyar görüşdə RİHB aparatının məsul işçiləri, aidiyyəti xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər. Görüşdə ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən, atılan addımlardan, işğaldan azad olunmuş dədə-baba yurdumuz olan Cəbrayılda aparılan abadlıq işlərindən, söhbət açılıb. Rayon rəhbəri səyyar görüşlərin əsas məqsədinin vətəndaşları narahat edən məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində, igid Vətən oğullarının, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqların, qazandığımız tarixi Qələbəmizin heç zaman unudulmayacağı qeyd edilib. Rayon rəhbəri bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə daim minnətdar olacağımızı bildirib. Bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağı, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Görüşdə icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, onların qayğıları ilə maraqlanıb, verilən təkliflərin nəzərə alınacağını bildirib.
Qəsəbə sakinləri ökəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər