9 Dekabr - Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günüdür
Bu gün Beynəlxalq Korrupsiya Qarşı Mübarizə günüdür. Cəmiyyətin hər bir sahəsində inkişafı əhəmiyyətli dərəcədə zəiflədən, idarəçiliyin səmərəliliyinə zərbə vuran, hüquq və azadlıqlarının pozulmasına gətirib çıxaran, qanunun aliliyinə təhlükə yaradan, əlverişli biznes mühitinin yaranmasına mane olan və digər mənfi təzahürlərə yol açan korrupsiya ciddi sosial bəladır. Dünya ölkələrinin siyasətində hər zaman korrupsiya ilə mübarizə ön sırada dayanıb. Korrupsiyanın geniş yayıldığı ölkələrdə vətəndaş məmnunluğu bir qayda olaraq aşağı səviyyədə olur. Korrupsiyaya qarşı mübarizənin qlobal əhəmiyyətini nəzərə alan Birləşmiş Millətlər Təşkilatı da 9 dekabr tarixini Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günü elan edib. 2003-cü ilin 9 dekabr tarixində Meksikanın Merida şəhərində həyata keçirilən Yüksək Səviyyəli Siyasi Konfransda BMT baş katibinin xüsusi nümayəndəsi Hans Korella korrupsiyaya qarşı beynəlxalq mübarizə gününün təsis olunması haqda qərarı elan edərək, həmin konfransa toplaşmış 100-dən çox ölkənin nümayəndələrini konvensiyanı imzalamağa çağırıb və həmin ölkələr BMT-nin Korrupsiyaya qarşı Konvensiyasına qoşulmaq qərarına gəliblər. Nəzərinizə çatdırırıq ki, 2003-cü il Konvensiyası bu qəbildən olan ilk sənəddir.
Bu sənəd artıq “Ölkələrin inkişafına ziyan vuran, demokratiya və hüquqi dövlət rejimi üçün təhlükə mənbəyi olan” korrupsiyaya qarşı mübarizədə beynəlxalq hüququn mühüm vasitəsinə çevrilib və ənənəvi olaraq dünyanın bir sıra ölkələrində 9 dekabr- korrupsiyaya qarşı beynəlxalq mübarizə günündə nümayişlər, görüşlər, konfranslar, seminarlar keçirilir.
Qeyd edək ki, Azərbaycanda da “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun mövcuddur. Bu Qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlib. Habelə bu qanun dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına, qurumlara əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında, qurumlarda qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqi pozuntu törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.
Dövlətimizin şəffaflığın təminatı, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Beləki korrupsiyaya qarşı mübarizə sahəsində müvafiq proqramlar, qanunvericilik aktları qəbul edilir. İndiyədək ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər), Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər) “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.
Bu istiqamətdə tədbirlərin davamı olaraq 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı”da təsdiq edilib və icra edilməkdədir.
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi gündən-günə genişləndirilir, korrupsiya ilə məşğul olanlar hüquqi məsuliyyətə cəlb olunur, , ictimai şuraların fəaliyyətinin səmərəliliyinin təmin olunması istiqamətində tədbirlər görülür, “161” “Qaynar xətt” xidmətinin fəaliyyəti ildən-ilə daha da təkmilləşdirilir.
Korrupsiyaya qarşı mübarizə çərçivəsində aparılan islahatlar öz müsbət təsirini verməkdədir. “Elektron xidmət”, “Elektron hökumət” layihələri, xüsusilə “ASAN xidmət” mərkəzlərinin, “Rəqəmsal İcra Hakimiyyəti” portalının yaradılması vətəndaş-məmur ünsiyyətinin minimuma endirməklə şəffaflığın təmin edilməsinə əlverişli şərait yaratmışdır.
Günümüzün reallığını nəzərə alaraq rayon icra hakimiyyəti də Milli Fəaliyyət Planından irəli gələn məsələləri daim diqqətdə saxlayır.Yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə alınan şəxslər barədə məlumatlar və digər açıq informasiyalar rəsmi veb səhifəsində ictimaiyyətə açıqlanır, “Rəqəmsal icra hakimiyyəti” portalı vasitəsi ilə vətəndaşlara quruma gəlmədən elektron xidmətlərin göstərilməsi təmin edilir. Qeyd edək ki, “Rəqəmsal icra hakimiyyəti” portalının xidmətlər bölməsində vətəndaşlara 13 elektron xidmət təqdim olunub və aşağıdakılardan ibarətdir.
1. Fiziki şəxs üzərində patronajın təyin edilməsi
2. Yaşayış sahəsinə ehtiyac olan qismində vətəndaşların uçota alınması
3. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi
4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi
5. Qəyyumluqda Və Himayədə Olanların Əmlakı Barədə Rəy (icazə) Verilməsi
6. Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi
7. Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notarial hərəkətlərin aparılmasına dair razılığın verilməsi
8. Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi
9. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması
10. Fermer fəaliyyəti və aqrar subsidiyalara müraciət
11. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı
12. Tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə verilməsi
13. Tikintiyə icazə verilməsi
Haqqı ödənilən ictimai işlərə cəlb olunma zamanı yarana biləcək neqativ halların qarşısının alınması, şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması və ədalət prinsipinin gözlənilməsi məqsədilə ictimai işlərin “növbəlilik reyestri”nin istifadəyə verildiyi barədə vətəndaşlar məlumatlandırılır. Sözügedən “Reyestr”də hər bir şəxsə vahid yanaşma tətbiq edilir, müraciət etmiş vətəndaşların hər biri müxtəlif meyarlar əsasında skorrinq balla qiymətləndirilir. Balı daha yüksək olan şəxslər də növbədə daha irəlidə olur və ilk növbədə həmin şəxslərin haqqı ödənilən ictimai işlərə cəlb olunması təklif olunur.
Korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qeyri hökumət təşkilatları tərəfindən təşkil olunan antikorrupsiya davranış modelinin formalışdırılması ilə bağlı təlimlərə RİH, səhiyyə, təhsil və digər dövlət müəssisələrinin işçilərinin cəlb edilməsi istiqamətində iş aparılır və yeni işə qəbul olunmuş əməkdaşlar üçün adaptasiya proqramlarının tədbiqi nəzərdən keçirilir.
Həyata keçirilən tədbirlərlə bağlı qərarların qəbulunda ictimai iştirakçılığı təmin etmək məqsədi ilə rayonda fəaliyyət göstərən vətəndaş cəmiyyətləri üzvlərinin təmsil olunduğu RİH yanında İctimai Şura yaradılmış və fəaliyyətinin genişləndirilməsi üçün sıx əməkdaşlıq edilir, keçirilən müzakirələrdə Şura üzvlərinin iştirakı təmin olunur. Eyni zamanda İctimai Şura rayonda fəaliyyət göstərən idarə və müəssisələrlə əməkdaşlığı gücləndirmək və birgə layihələr həyata keçirimək uçun müzakirələr aparır.
Gəlin ölkəmizin inkişafına ziyan vuran, demokratiya və hüquqi dövlət rejimi üçün təhlükə mənbəyi olan korrupsiyaya qarşı birgə mübarizə aparaq!






