“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım mərasimi keçirilmişdir
31 mart 2015-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasında “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım mərasimi keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Komleksində topraqlarımızın azadlığı uğrunda şəhid olanların abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ruhunu ehtiramla yad etdilər. Sonra tədbir Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirildi.
Anım tədbirini giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq soyqırım qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhunun bir dəqiqə sükutla yad edilməsini bildirdi. Sonra “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş film nümayiş edildi.
Rayon rəhbəri çıxış edərək 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 97 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxdığını qeyd etdi. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır. Ötən əsrdə dörd dəfə - 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasəti özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə vermişdir. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyəti dövründə bu faciəyə siyasi qiymət verilmişdir. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il 690 nömrəli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi.
Çıxışının sonunda rayon rəhbəri bütün soyqırım qurbanlarına və torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyərək anım tədbirinin yekunlaşdırdı.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, YAP rayon təşkilatı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, ərazi vahidi üzrə nümayəndələr, məktəb direktorları, ağsaqqallar, ağbirçəklər, ziyalılar olmaqla ümumillikdə 168 nəfər iştirak edirdi.