Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 96 illiyi münasibəti ilə tədbir keçirilmişdir
Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 96 illiyi münasibəti ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Mədəniyyət və İstirahət parkında Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri qoyaraq ruhunu ehtiramla yad etdilər.
Tədbir Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirildi. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək Milli Təhlükəsizlik orqanlarının 96 il ərzində keçdiyi tarixi və şərəfli yoldan geniş şəkildə söhbət açdı. 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı yanında kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə təməli qoyulan Milli Təhlükəsizlik Nazirliyi respublikamıza qarşı olan təhdidlərin qarşısının alınmasında mühüm rol oynayır. Bu gün Ölkə Prezidenti, Silahlı qüvvələrin Ali baş komandanı İlham Əliyev cənablarının apardığı uğurlu siyasət nəticəsində Milli Təhlükəsizlik Nazirliyi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, nazirliyin maddi-texniki bazası daha da müasirləşmiş, əməkdaşların sosial məsələlərinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür – deyə qeyd etdi.
MTN-nin Cəbrayıl rayon şöbəsinin rəis əvəzi Nəvai Hüseynov Ümummilli Lider Heydər Əliyevin respublikamızın Milli Təhlükəsizlik orqanlarının formalaşması və hakimiyyətinin müxtəlif dövrlərində bu sahəyə milli kadrların cəlb edilməsi istiqamətində gördüyü mühüm işlərdən danışdı. Ulu Öndər hakimiyyətdə olduğu illərdə ölkəmizin milli təhlükəsizlik orqanlarının fəaliyyətinin gücləndirilməsi, bu sahədə çalışanların peşəkarlığının artırılması və onların sosial məsələlərinin həlli istiqamətində mühüm işlər gördüyünü qeyd etdi və bildirdi ki, MTN işçilərinin peşə bayramının təsis edilməsi və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması da Ümummilli Liderin adı ilə bağlıdır.
Tədbirin sonunda xidmətdə fərqlənən MTN-nin rayon şöbəsinin 2 əməkdaşı Cəbrayıl rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.