Cəbrayıl rayon İcra hakimiyyəti başçısının 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir
Cəbrayıl rayonunda 2014- cü ilin yekunlarına həsr olunan yığıncaqda məruzə edən rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev bildirib ki, ötən il ümumi məhsul buraxılışının həcmi 25,3 milyon manata çatıb. Aqrar sektorda əvvəlki illə müqayisədə 7,1 % çox və ya 11,9 milyon , sənayedə isə 577,2 min manatlıq məhsul istehsal olunub. Rayonda sahibkarlığa yaradılan əlverişli şərait və sektora real dövlət dəstəyi özəl bölmənin inkişafına təkan verib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Cəbrayıllı məcburi köçkünlərin kompakt məskunlaşdığı Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə keçirilən yarmarkalarda ötən il 34 məcburi köçkünə 265,5 min manat güzəştli kredit verilib. Bunun hesabına 45, ümumilikdə 145 daimi iş yeri yaradılıb.
İcra başçısı bildirdi ki, iqtisadi inkişaf Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınan 11 qəsəbədə və digər yerlərdə bir sıra infrastruktur layihələrin həyata keçməsinə imkan yaradıb. Rayon icra hakimiyyətinin inzibati binası, 2,5 hektar ərazidə salınan Heydər Əliyev parkı ,Şəhidlər xatirə kompleksi bu sırada xüsusi yer tutur. Saatlı rayonun Əlisoltanlı kəndində 200 ailəlik, Hacıqabul rayonun Atbulaq kəndi ərazisində 100 ailəlik məcburi köçkün qəsəbələri tikilib. Yeni salınan qəsəbələrin hər birində məktəb, bağça, klub, poçt binaları istifadəyə verilib.
Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə fəaliyyət göstərən məktəb və uşaq bağçalarında alternativ enerji ilə istilik sistemləri quraşdırılıb, 40 -a yaxın mənzildə təmir - bərpa işləri aparılıb ,əhalinin keyfiyyətli içməli su ilə təmin olunması üçün iki su anbarı tikilib və 20 kilometrdən çox su xətləri yeniləri ilə əvəzlənib, qəsəbədaxili yollar qismən təmir edilib qurulub, qəsəbədaxili yollarda təmir işləri görülüb, parkın qarşısından keçən yola paralel 700 metr uzunluğunda alternativ yol çəkilib. 11 qəsəbədəki ATS -in hamısında geniş zolaqlı rabitə xidməti təşkil olunub. Qəsəbələrin hər birində müasir məktəblər, klub icmalar, həkim ambulatoriyaları, 50 çarpayılıq xəstəxana fəaliyyət göstərir və dövlət başçısının tapşırığına uyğun olaraq əhalinin profilaktik tibb müayinəsi mütəşəkkilliklə davam edir. Rayonun ümumtəhsil məktəblərinin məzunlarından qəbul üçün sənəd verənlərdən ali məktəblərə 63,7 %, ali və orta ixtisas məktəblərinə isə 71,6 faiz qəbul olmuş, 11 nəfər 600-700 ballıq nəticə göstərib, bir məzun Prezident təqaüdünə layiq görülüb.
Yığıncaqda Cəbrayıl rayonu üzrə Maliyyə Şöbəsinin müdir müavini Tofiq Mehrəliyev, Təhsil şöbəsinin müdiri Validə Həsənova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov məruzə ətrafında çıxış edərək bir ildə görülən işlərə müsbət münasibət bildirmiş və rəhbərlik etdikləri sahədə görülən işlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermişlər.
Sonra isə zaldan çıxış edən Rəhim Rəhimov Biləsuvar rayonu ərazisindəki 1 və 2 №-li qəsəbələrdə su çıxmayan həyətlərin suvarılması üçün çəkilmiş metal trubalar çürüdüyü üçün plastik borularla əvəz edilməsi, İsgəndər Quliyev Biləsuvar rayonu ərazisində 2007-ci ildə istifadəyə verilmiş 1856 evdən ibarət 5 qəsəbənin içməli su xətlərinin dəyişdirilməsi üçün diametri 219 mm-lik 11,8 km və diametri 426 mm-lik 15,1 km plastik boru verilməsi, Həmzə Rəhimov Qəsəbələrdə qəzalı vəziyyətdə olan 70 mənzilin əsaslı təmir edilməsi, Əhməd Əhmədov və Arif İsmayılov Sabirabad rayonu Güdəcühür və Şəhriyar fin evi köçkün qəsəbələrində məskunlaşmış əhalinin köçürülməsi üçün yeni qəsəbə salınması, Mustafa Məhərrəmov Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 4456 evdən ibarət 11 qəsəbənin qazlaşdırılması, Telman Əlizadə Biləsuvar rayonu ərazisindəki qəsəbələrin daxili ara yollarına qum-çınqıl tökülməsi barədə təklif vermiş, şəhid anası Səkinə Quliyeva və Prezident təqaüdçüsü Kamılxan Rüstəmova isə çıxış edərək cənab Prezidentin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində apardığı siyasətin Cəbrayıllı məcburi köçkünlər tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdilər.
Milli Məclisin deputatı Astan Şahverdiyev və Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin məsul işçisi Aqşin Əliyev tədbirdə çıxış etmişdir.