20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir
Cəbrayıl rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.
06 yanvar 2015-ci il tarixdən 20 yanvar 2015-ci il tarixdək rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçilərinin iştirakı ilə rayonun bütün idarə və müəssisələrində, rayon əhalisinin daha sıx məskunlaşdığı Bakı və Sumqayıt şəhərlərindəki iri yaşayış məntəqələrində, Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə anım tədbirləri, konfrans və mühazirələr təşkil edilmiş, rayonun fəaliyyət göstərən mədəniyyət ocaqlarında, klublarda 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi tamaşalar nümayiş etdirilmiş, bütün ümumtəhsil məktəblərində "20 Yanvar" faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmişdir.
Anım tədbirlərinin yekunu olaraq 20 yanvar 2015-ci il tarixdə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı aparatın məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərlərinin, məktəb direktorlarının, YAP fəallarının, Şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının və rayon ictimaiyyətinin nümayəndələrinin, ümumilikdə 400 nəfərn iştirakçı ilə ümumrayon anım tədbiri keçirilmişdir.
Anım tədbirində "Şəhidlər” Abidə Kompleksində 1990-cı ilin 20 yanvarında sovet imperiyasının işğalçı niyyətinə qarşı mübarizədə şəhid olmuş həmyerlimiz Səxavət Quliyevin, həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin abidələri önünə gül-çiçək dəstələri qoyularaq, onların ruhları ehtiramla yad edilmişdir.